Adil Əliyev Moldova Parlamentinin sədrilə görüşdü

Adil Əliyev Moldova Parlamentinin sədrilə görüşdü
  02 Noyabr 2020    Oxunub:1894
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (PA) müşahidəçilər qrupunun rəhbəri kimi noyabrın 1-də Moldova Respublikasında keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Kişineuda səfərdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, səfər çərçivəsində Adil Əliyev MDB PA-nın müşahidəçilər qrupunun rəhbəri kimi Moldova Respublikası Parlamentinin sədri xanım Zinaida Greçeani ilə görüşüb.

Görüş zamanı MDB PA-nın üzvü olan ölkələr üçün beynəlxalq müşahidə institutunun əhəmiyyəti, seçkilərin keçirilməsi və monitorinqinin qaydaları da daxil olmaqla bir çox məsələlər ətrafında müzakirələr aparılıb. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.



Habelə, Adil Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə davam etdiyini, mülki Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən öldürülməsinə diqqət çəkərək, Bərdə və Gəncə şəhərlərində baş verən müharibə cinayətləri barədə danışmışdır. Ermənistanın humanitar hüququn normalarını kobud şəkildə pozduğunu, 1949-cu il tarixli Çenevrə Konvensiyasına zidd davranışlar etdiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnaməni bu vaxta qədər icra etmədiyini bildirmişdir.

Görüşdə Milli Məclisin deputatları Rüfət Quliyev, Sabir Hacıyev və ölkəmizin Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Səfər zamanı Adil Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Moldovanın Qaqauziya muxtar ərazisində seçki məntəqələrində olub, seçki prosesinin gedişini izləyib, Qaqauziya rəhbəri İrina Vlax və Qaqauziya Xalq Məclisinin Sədri Vladimir Kıssa ilə görüşlər keçirib.

Azvision.az


Teqlər: Vitse-spiker   Moldova   Görüş  





Xəbər lenti