Ordumuz havada və quruda əməliyyat şəraitinə tam nəzarət edir

 Ordumuz havada və quruda əməliyyat şəraitinə tam nəzarət edir
  02 Noyabr 2020    Oxunub:2723
Ötən sutka ərzində döyüş əməliyyatları cəbhənin əsasən Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edib. Düşmən bölmələri Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Qazax, Tovuz və Daşkəsəndə, o cümlədən cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndləri daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, raket və artilleriya vasitələrindən atəşə tutub.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Mətbuat katibi bildirib ki, Zəngilan istiqamətində əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə hücum edən Ermənistanın hərbi qruplaşmaları bölmələrimiz tərəfindən vaxtında aşkarlanıb. Keçirilmiş uğurlu əməliyyatla düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Cəbhənin digər istiqamətlərində də ordumuzun fəaliyyəti nəticəsində düşmən şəxsi heyət və hərbi texnika baxımından itki verib. Səngərlərdə və yeraltı sığınacaqlarda gizlənən düşmənin canlı qüvvəsi Hərbi Hava Qüvvələrimizin zərbələri ilə məhv edilib. Hərbi sığınacaqlar darmadağın olunub.
“Sağ qalmaq üçün onların bir yolu var” - Anar Eyvazov

Anar Eyvazov qeyd edib ki, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ümumilikdə 8 kəndi işğaldan azad edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi ilə yanaşı, 8 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını, 5 ədəd digər avtomobil texnikası və mövqelərimizə hücum edən “Su-25” tipli döyüş təyyarəsi məhv edilib. Hazırda ordumuza qarşı döyüşən hərbi qruplaşmalarda silah-sursat, ərzaq və hərbi texnika üçün ehtiyat hissələri çatışmazlığı müşahidə olunur.

“Ordumuzun sayıqlığı nəticəsində düşmən bölmələrinin istənilən fəaliyyətinin qarşısı dərhal alınır. Ordumuz havada və quruda əməliyyat şəraitinə tam nəzarət edir. Bu gün Azərbaycan əsgəri Ali Baş Komandanımızın rəhbərliyi ilə döyüş meydanında düşməni ağır məğlubiyyətə uğradaraq Ermənistan rəhbərliyinin uzun müddətdir yaratdığı mifi yox edir. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.

Azvision.az


Teqlər: AnarEyvazov  





Xəbər lenti