Britaniyada Qarabağla bağlı konfrans keçirildi

Britaniyada Qarabağla bağlı konfrans keçirildi
  03 Noyabr 2020    Oxunub:2205
Son həftələrdə dünya mediasının, eləcə də tanınmış siyasi və hərbi analitiklərin diqqət mərkəzində olan əsas mövzu Azərbaycan Ordusu tərəfindən Dağlıq Qarabağ ərazisində aparılan sülhə məcburetmə əməliyyatlarıdır. Elə bir beynəlxalq media orqanı yoxdur ki, öz səhifələrində bu əməliyyatlarla bağlı gündə heç olmasa bir dəfə məlumat yerləşdirməsin. Bu baxımdan, baş verən hadisələrin mahiyyəti və gedişi barədə dünya ictimaiyyətinin davamlı olaraq məlumatlandırılması və Azərbaycanın haqlı mövqeyi barəsində obyektiv təsəvvür yaradılması böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycanın Böyük Britaniyadakı səfirliyində hər həftənin bazar ertəsi günü videoformatda açıq mətbuat konfransı keçirilir. Mətbuat konfransına qoşulan jurnalistlərin sayı və tərkibi hadisələrə böyük marağın olduğunu göstərir.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Azvision.az -a bildiriblər ki, noyabrın 2-də keçirilən dördüncü mətbuat konfransına qoşulanların sayı 20-dən çox olub. Onların arasında Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Şeyk, Nümayəndələr Palatasının üzvü və Azərbaycan-İngiltərə parlamentlər arası işçi qrupun rəhbəri cənab Bob Bləkmən, ABŞ-ın səfiri və Minsk qrupunun sabiq həmsədri Kari Kavanoh, “Amnesty İnternational” təşkilatının təmsilçiləri, eləcə də “Financial Times”, “Daily Telegraph”, “The İndependent”, BBC, “EU Today” kimi dünya şöhrətli media orqanlarının nümayəndələri, həmçinin Cənubi Qafqaz üzrə bir sıra siyasi tədqiqatçılar var idi.

Mətbuat konfransında Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya Parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev çıxış ediblər.

Səfir T.Tağızadənin və deputat C.Feyziyevin Qarabağdakı mövcud vəziyyətlə bağlı ilkin məlumat verdikdən sonra mətbuat konfransı sual-cavab formatında davam edib.

Təxminən 2 saat davam edən konfransda iştirakçılar tərəfindən səsləndirilmiş 20-dən çox sual səfir Tahir Tağızadə və deputat Cavanşir Feyziyev tərəfindən ətraflı cavablandırılıb. Suallar, əsasən, hərbi əməliyyatların gedişi, Azərbaycan dövlətinin məqsədi, sülh danışıqlarının mümkünlüyü ehtimalı, bölgənin gələcək taleyi, eləcə də qonşu dövlətlərin bölgədə baş verən hadisələrə münasibəti və bu hadisələrdə mümkün iştirakı haqqında olub.

Bildirilib ki, Azərbaycan ərazisinin 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında olub. Bu müddət ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalıb. Son 2 ildə Ermənistan siyasi-hərbi rəhbərliyinin danışıqlara qeyri-konstruktiv yanaşması səbəbindən münaqişənin nizamlanması istiqamətində heç bir irəliləyiş əldə edilməyib.

Diqqətə çatdırılıb ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərini yerinə yetirəcəyi halda hərbi əməliyyatlar dayandırıla və siyasi müstəvidə münaqişənin birdəfəlik həlli mümkün ola bilər.

Azvision.az


Teqlər: Böyük-Britaniya  





Xəbər lenti