Düşmən cəbhənin dərinliklərində darmadağın edilir

   Düşmən cəbhənin dərinliklərində darmadağın edilir
  04 Noyabr 2020    Oxunub:4659
Ötən sutka ərzində düşmənin bölmələri Ermənistanın Berd rayonu istiqamətindən Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərimizi və cəbhənin müxtəlif istiqamətlərində ordumuzun digər mövqelərini, o cümlədən Ağdam, Ağcabədi, Tərtərdəki yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
Azvision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində hücuma keçməyə cəhd edən düşmən bölmələrimizin qəti cavab tədbirləri nəticəsində şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib. Aparılan əməliyyatlar nəticəsində düşmənin 10-cu dağatıcı və 37-ci atıcı diviziyaları, 2-ci motoatıcı, 5-ci dağatıcı və 543-cü alayları ordumuzun ağır zərbələrindən sonra ciddi itkilərə məruz qalıb.

Sutka ərzində düşmənin alay komandiri, tabor komandiri, snayper qrupu və tank heyəti daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, 2 tankı, 3 topu, 1 pilotsuz uçuş aparatı, 3 hərbi yük maşını, “Zastava M-55” tipli zenit qurğusu və şəxsi heyətlə dolu UAZ markalı avtomobili məhv edilib. Hazırda qoşunlarımız əməliyyat sahəsində döyüşləri tam üstünlüklə davam etdirir.

Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir
Mətbuat katibi bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi indi bir tərəfdən çoxsaylı feyk məlumatlar yaymaq və fantastik ssenarilər qurmaqla hansısa “qələbələr”dən danışır. Digər tərəfdən, hədəflərimiz barədə saxta fikirlər aşılayaraq erməni cəmiyyətini Azərbaycan Ordusuna qarşı döyüşə cəlb etməyə çalışır. Bu cür hekayələrlə döyüşə cəlb edilən döyüşçülər müdafiə mövqelərində, yeraltı sığınacaqlarda, topların atəş nöqtələrində və tankların içində ordumuz tərəfindən məhv edilir, geriyə çəkilib itkin və əsir düşür. Ordumuza qarşı asimmetrik döyüş taktikaları ilə mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və onlar darmadağın edilir. Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalarda, məktəblərdə və digər mülki obyektlərdə gizlənən namərd düşmənə qarşı mübarizə aparır.

“Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın tapşırığı ilə irəliləyərək işğal altında qalan torpaqları düşməndən təmizləyir. Bu fəaliyyətlə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edərək yalnız legitim hərbi hədəflərə atəş açır. Qələbə bizimlədir", - deyə Anar Eyvazov vurğulayıb.

Azvision.az


Teqlər: Anar-Eyvazov  





Xəbər lenti