Qubadlının gəzməli-görməli yerləri - VİDEO+FOTOLAR
Qubadlı rayonun gəzməli-görməli yerləri:
Laləzar körpüsü
1867-ci ildə inşa edilən körpü Bərgüşad çayının üzərində altı oval, üstü düz formada inşa olunub. Tikilinin inşasında Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilib.
Hacı Bədəl körpüsü
XIX əsrə aid körpü Dəmirçilər kəndində yerləşir. Yaz aylarında Ağa çayının güclü axının körpünü dağıtmaması üçün tikili tağbənd formasında inşa edilib. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunub.
Məmər kənd məscidi
Məmər kəndindəki XVIII əsrə aid edilən tarixi memarlıq abidəsi sovet dövründə anbara çevrilsə də Azərbaycanın müstəqilliyinin ilk illərində bərpa edilərək əhalinin ibadəti üçün istifadəyə verilib.
Gürcülü türbəsi
XVIII əsrin memarlıq abidəsi olan Gürcülü türbəsi Qubadlı rayonunun memarlıq incilərindən sayılır. Bir sıra xüsusiyyətlərinə görə Azərbaycanın səkkizgüşəli türbələri arasında unikal formaya malikdir.
Müalicəvi bulaqlar
Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşədi Allahverdi bulağı kimi bulaqlar insanların ziyarət etdiyi yerlərdən olub. Məsələn, Sarıbulaqın tarixi XIX əsrdən əvvələ gedib çıxır. Bu bulağın suyundan sarılıq xəstəliyi tutan adamlar müəyyən vaxt içdikdən sonra sağaldıqlarına dair inanclar olub.
Alban məbədləri
Qubadlı rayonu ərazisində VI və VII əsrə aid kifayət qədər Alban məbədləri var.
Qoç heykəllər
Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllərinə və qoç qəbir daşlarına rayonun bir çox yerərində rast gəlmək olur.
Biz doğma torpaqlarımıza qayıdırıq. Bizimlə birlikdə bu torpaqlara doğma nəfəs, istilik gələcək. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır.
Azvision.az