“Heç bir şəhər “DQR”-nı tanıya bilməz” - Hüquqi şərh

 “Heç bir şəhər “DQR”-nı tanıya bilməz” -  Hüquqi şərh
  06 Noyabr 2020    Oxunub:3045
Xarici əlaqələr, xarici işlər birbaşa şəhərlərin funksiyasına daxil deyil. Bu səlahiyyətlər dövlətin müvafiq strukturlarına, məsələn, Xarici İşlər Nazirliyinə məxsusdur.
Bunu Azvision.az -a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşunas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, son vaxtlar ermənilərin Dağlıq Qarabağdakı qondarma qurumun hansısa ölkədə şəhər səviyyəsində "tanınmasını" qabartmaları hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Çünki beynəlxalq hüquqda şəhərlər bu kimi məsələlərdə ciddi rol oynamır:

"Rəsmi qaydada hansısa dövlətin tanınması və ümumilikdə xarici siyasət məsələləri yerli qurumların fəaliyyətinə aid deyil. Xarici əlaqələr, xarici işlərlə bağlı prosedurların tənzimlənməsi şəhərlərin səlahiyyətinə, funksiyasına daxil edilməyib. Bu cür işlər dövlətin müvafiq strukturlarına aiddir. Beynəlxalq hüquqda tanınmanın bəzi növləri var. O cümlədən, faktiki tanıma və hüquqi tanıma mövcuddur. Bunları hansısa ucqar bölgə və ya şəhərlər deyil, məhz dövlətlər müəyyənləşdirir. Yəni dövlətin xarici siyasəti onun şəhər və kəndlərinə, yaxud regional bölmələrinə yox, birbaşa mərkəzi icra hakimiyyəti orqanlarına bağlıdır. Əgər bir-iki şəhər belə addım atırsa, bu dövlətin adından tanınma demək deyil. Bu gün hər hansı bir ölkənin ayrı-ayrı şəhərlərinin adından tanınma halları baş verirsə, belə əməlllər beynəlxalq hüquqda ciddi qəbul edilmir. Ona görə də bütün bunların hamısı sadəcə olaraq mənfi ictimai rəy yaratmaqla bağlı məsələlərdir. Qısası, şəhərin hansısa "dövlət"in müstəqilliyini tanıması absurddur”.

Əliməmməd Nuriyev qeyd edib ki, hazırda şəhərlərin rəhbərlərinin müəyyən siyasi məqsədlər üçün bu cür oyunlara baş qoşmaları beynəlxalq rəyi mənfi tərəfə yönəltmək cəhdidir.

“Yeri gəlmişkən bu məsələ ilə bağlı Fransada maraqlı proseslər yaşandı. Bu ölkənin bəzi şəhərləri Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qərarlar qəbul etsə də, sonradan konstitusiya məhkəməsi həmin sənədi ləğv etdi. Xarici siyasəti mərkəzi hökumət müəyyənləşdirdiyi, bu cür məsələlər hökumətin səlahiyyətində olduğu üçün qərar ləğv edildi və bununla məsələ bitmiş sayıldı. Bir daha deyirəm ki, şəhər dövlətin müstəqilliyini tanıya bilməz. O ki ola separatçılıqla ad çıxarmış dırnaqarası qurumun müstəqilliyini tanımaq beynəlxalq hüquqa zidddir. Bütün bunların hamısı ictimai rəyi aldatmağa hesablanıb. Ölkələrin daxilində baş verən bu cür hadisələr həm də mərkəzi hakimiyyətə təzyiq forması kimi qiymətləndirilə bilər. Əsas məsələ mərkəzi hakimiyyətin hansısa dövlətin müstəqilliyini tanımasıdır. Bu da Qarabağla bağlı baş vermir. Beynəlxalq hüquqda şəhərlərin belə bir səlahiyyətinin olması halları yoxdur”.

Qeyd edək ki, ermənilər son günlər bir neçə ölkədə bəzi şəhərlərin Dağlıq Qarabağdakı qondarma qurumun müstəqilliyini tanıması ilə bağlı məlumatlar yayır, bunu böyük siyasi uğur kimi təqdim edirlər. Əslində isə hüquqşünasın dediyi kimi şəhər və ya vilayətin dövlətin başı üzərindən xarici məsələlərə burun soxması, tanınmayan bir dövləti "tanıması" cəfəngiyyatdır, heç bir hüquqi əhəmiyyət daşımır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Hüquqşünas  





Xəbər lenti