“Düşmənə tutarlı cavablarınız bizi qürurlandırır”- Prezidentə yazırlar

  05 Noyabr 2020    Oxunub : 2221
“Düşmənə tutarlı cavablarınız bizi qürurlandırır”-  Prezidentə yazırlar
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Alanya şəhərindən Adəm Şimşək yazır: “Çox dəyərli cənab Prezident, mediadan gün ərzində baş verən hadisələri izləyirik. Sizin, çox dəyərli Azərbaycan xalqının, qardaşlarımızın hər zaman yanındayıq. Hər kəs bilir ki, Qarabağ Azərbaycandır. Sizin də dediyiniz kimi, Azərbaycanın mülki erməni xalqı ilə heç bir işi yoxdur. Cəza evində olsam da, könüllərimiz birdir və əmr gözləyirəm. Sizi və hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirəm. İzniniz və əmriniz olarsa, cəbhənin ən ön xəttində və ehtiyac duyulan istənilən yerdə vuruşmağa hazıram. Bu torpaqlarda mənim kimi daha neçə-neçə insan var. Biz bir millət, iki dövlətik, qardaş xalqlarıq. Türkiyə xalqı mənəvi olaraq hər zaman Azərbaycan xalqının yanındadır. Allah şəhidlərimizə rəhmət eləsin, vuruşan əsgərlərimizə kömək olsun. Cənab Prezident, zəfər yürüşünüz mübarək olsun! Allah Sizin və qardaş Azərbaycan xalqının dayağında dursun, zəfərlər Sizin və bizim olsun. Allaha əmanət olasınız, cənab Prezident”.

Pezidentdən uşaqlarla bağlı mühüm sərəncam
Adana şəhərindən Tarık Karataş yazır: “Hörmətli cənab Prezident, Türkiyə Respublikasının 12 il Azərbaycanda yaşamış vətəndaşı kimi hər zaman Sizin həyata keçirdiyiniz uğurlu siyasətin müsbət nəticələrini hər keçən gün yaşayır, görür və qürur duyuruq. Sizdən alacağımız Qələbə xəbərlərini səbirsizliklə gözləyirik. Allah Sizi, Azərbaycan Ordusunun şanlı və şərəfli əsgərlərini, vətənpərvər xalqınızı qorusun. Dualarımız Sizinlədir”.

Niderlandın Leuvarden şəhərində yaşayan soydaşımız Elxan Mirhəşimli: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycanın şanlı ordusunun 27 il sonra mənə yaşatdığı sevincin həddi-hüdudu yoxdur. Doğulduğum Qubadlının işğaldan azad olunmasını eşitdikdə sevinc göz yaşlarımı saxlaya bilmədim. Bir anlıq uşaqlıq və gənclik illərim gözlərimin önünə gəldi, bir zamanlar Qubadlıda keçirdiyim xoş günlərimi, dostlarımı, qohumlarımı xatırladım. Qubadlıda ata-baba evimi görmək və ulu babalarımızın məzarını ziyarət etmək artıq xəyal deyil, real oldu. Öz doğma ata-baba evimizə dönməyi həyəcanla gözləyirəm. Mənim övladlarım Qubadlını görməyib. Onlar da ata-baba torpaqlarını görmək ümidi ilə böyüyüblər. Artıq qayıdış günü gəldi, biz evə qayıdırıq. 20 ildir Niderlandda yaşayıram, tezliklə evimə dönmək istəyirəm. Mən Niderlandda Azərbaycan Evi diaspor təşkilatı yaradaraq, fəaliyyətimi informasiya müharibəsində hər zaman dövlətimizin mənafeyinin qorunması üzərində quraraq, Qarabağ həqiqətlərini yerli ictimaiyyətə və yerli siyasi partiyalara çatdırır, maarifləndirmə aparıram. Bundan sonra işimi daha da fəal davam etdirəcəyəm. İnanıram ki, Azərbaycanın bütün işğal olunmuş torpaqları azad olunacaq, Azərbaycanın şanlı bayrağı bütün şəhərlərdə, kəndlərdə dalğalanacaq. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar mənə bir daha cəsarət verir ki, dövlətimizin mənafeyini, haqlarını daha əzmlə qorumaqda davam edim. Təşkilatımız adından və Niderlandda yaşayan Azərbaycan icması adından Sizə təşəkkür edirəm. Var olun! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!”.

Bakı şəhərindən Aliyə Təhmasibin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının hər bir nümayəndəsi kimi cəbhədə baş verənləri ürək döyüntüsü və həyəcanla izləyirəm. Yeni qələbə xəbəri doğma səsinizlə bütün ölkəyə yayılarkən hər birimizin ürəyi Sizin qəlbinizlə həmahəng döyünür. Hər birimiz ürəkdən əminik ki, Sizin rəhbərliyiniz və şanlı ordumuzun şücaəti ilə düşmən geri çəkiləcək, müharibə bitəcək. Qələbə bizim olacaq”.

Naftalan şəhərindən İbrahim Tağıyev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən bir təqaüdçü olaraq Sizə dərin təşəkkürümü, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün göstərdiyiniz qətiyyətə və mərdliyə görə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və müzəffər ordumuzu qorusun. Bütün Azərbaycan, o cümlədən bütün qardaş türk dövlətləri Sizdən şad xəbər gözləyir. İnşallah, Ordumuz Azərbaycanın işğal altında olan bütün torpaqlarını geri qaytaracaq. Allah mənfur düşmənlərimizi məhv etsin! Allah Azərbaycan xalqını qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”.

Lerikdən Zabil Bağırov: “Müzəffər Ali Baş Komandan, biz Azərbaycan vətəndaşları olaraq Sizin siyasi və hərbi gedişlərinizi müntəzəm olaraq izləyirik. Həqiqətən də Siz Azərbaycan tarixinin dövlətçilik səhifəsində böyük bir tarix yaradırsınız, düşmənlərə və onların havadarlarına tarixi dərs verirsiniz. Bəli, Siz neft kapitalını artıq insan kapitalına çevirmisiniz. Bu gün cəbhədəki böyük uğurlarımız məhz Sizin yüksək intellektə əsaslanan əməyinizin nəticəsidir. Xalq Sizinlədir, cənab Prezident. Dediyiniz kimi, Qarabağ Azərbaycandır!”.

Cəbrayıl sakini Yunis Yusifli: “Hörmətli cənab Prezident, mən Sizə böyük təşəkkürümü bildirirəm. Siz mənim üçün yalnız xəyalımda canlandırdığım günləri yaşatdırdınız. Məni doğma Vətənimə, Cəbrayıla qovuşdurdunuz. Allah Sizə güc, qüvvət versin. Rəbbim hədəflərinizi daim kəskin, zəfərlərinizi daim bol etsin. İnşallah, Cəbrayılda görüşmək arzusu ilə…”.

Cəlilabaddan Vidadi Nuriyev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarı Sizin düşünülmüş, uzaqgörən siyasətinizin, Vətənə olan sevginizin bariz göstəricisidir. Bu şüar böyükdən kiçiyədək hamının dilində əzbərə çevrilərək, xalqımızın ayağa qalxıb bir yumruq kimi Sizin ətrafınızda birləşməsinə təkan verdi və bundan sonra da əsas şüarımız olacaqdır. Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız uğurlu mübarizədə biz də ailəlikcə Sizi dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik. Uca Tanrı Sizin və Mehriban xanımın ömrünə bir ömür də qatsın, 100 yaşayasınız! Azərbaycan xalqını həmişə zirvələrə aparasınız!”.

Laçın rayonunun sakini Tofiq Şükürov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mənfur qonşularımız tərəfindən 30 ildən artıq Vətənimizin sinəsinə vurulmuş Qarabağ adlı yara hər bir azərbaycanlının köksünü sızladırdı. Tarixən xalqımızın yetişdirdiyi böyük sərkərdələr Vətənimizi bu cür ağır günlərində öz gücü ilə yaşatmışdılar. Belə sərkərdələrdən biri və birincisi də Sizsiniz. Ona görə ki, XIX əsrin əvvəllərindən XX əsrin sonlarınadək itirdiyimiz torpaqları yalnız Sizin sərkərdəlik qabiliyyətiniz sayəsində geri qaytarılmasının şahidi olur. Bu gün hər birimiz Sizinlə eyni bir dövrdə yaşadığımız üçün fəxr edir və qürur hissi keçiririk. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, bu müqəddəs yolda uğurlar diləyirəm”.

Füzuli sakini Elgün Eyvazov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, 27 ildən sonra bizə yaşatdığınız sevinc hissinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizi sevir və yürütdüyünüz siyasətin daim arxasındadır. Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz əminik ki, Qarabağın azad ediləcəyi gün elə də uzaq deyil. Allah Sizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan!

Gəncə şəhərindən Səbuhi Hüseynov: “Müzəffər Ali Baş Komandan, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Sizə güvənir, bütün torpaqlarımızın tezliklə azad olunacağı günü səbirsizliklə gözləyirik. Gözəl Qarabağımızın azadlığı üçün çox ciddi bir əməyin olduğu göz önündədir. Xalq olaraq bu günlərdəki məğrur duruşunuz, qətiyyətli mövqeyiniz, düşmənə tutarlı cavablarınız bizi çox sevindirir və qürurlandırır. Mən əminəm ki, bu haqq mübarizəsində xalqımızın hər bir layiqli vətəndaşı Sizi dəstəkləyir və böyük qələbə xəbərini tezliklə eşitməyi arzulayır. Sizdən Şuşa, Laçın, Xankəndi, Kəlbəcər və digər bölgələrimizin azad olunması xəbərlərini tez bir zamanda eşitmək arzusu ilə...”.

Ağsu rayonundan Xalid Osmanov: “Müzəffər Ali Baş Komandan, Sizin qətiyyətli addımlarınızı tək mən yox, bütün Ağsu rayonu dəstəkləyir. Siz bu qətiyyətinizlə bütün dünyadakı Azərbaycan türklərinin ürəklərində geniş bir nüfuza sahib oldunuz. Nə yaxşı ki, varsınız. Allah Sizi qorusun! Biz, ailədə on bir övlad olmuşuq. Hamımızın oğulları hazırda ön cəbhədə Sizin əmrinizlə döyüşür, bununla fəxr edirlər. Mən özüm 1-ci qrup əlil olsam da, döyüşlərə qatılmaq üçün alışıb-yanıram. Sevincimdən xəstəliyim də yadımdan çıxıb. 1999-cu ildə xüsusi təyinatlı qrupda xidmət keçmişəm, əlim-ayağım yerindədir. Könüllü ordu sıralarına yazılmaq, düşmənlə üz-üzə döyüşmək arzusundayam. İstərdim ki, bayrağımızın o torpaqlarda ucalmasında yaxından iştirak edim. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ehtiyac olmadığını bildirirlər. Cənab Prezident arzum budur ki, Xankəndi şəhərində tezliklə üçrəngli bayrağımız dalğalansın və bu şəhər İlhamabad adlandırılsın. Məncə, buna bütün Azərbaycan xalqı sevinər. Müzəffər Ali Baş Komandan, bu haqq yolunda Sizə uğurlar arzulayıram. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin, onun layiqli davamçısı Sizə isə cansağlığı versin. Şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyirəm. Allah müzəffər Ordumuza qüvvət versin, Siz isə bizim əbədi Prezidentimiz olasınız. Yaşasın Azərbaycan xalqını sevən igid, qəhrəman İlham Əliyev! Qarabağ Azərbaycandır!”.

Tovuz rayonundan Zaur Tağıyev: “Müzəffər Ali Baş Komandan, Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində 30 illik həsrətimizə son qoyulur. Siz həmişə işğal altındakı ərazilərimizin müharibə yolu ilə yox, sülh yolu ilə qaytarılmasına çalışırdınız. Lakin qaniçən düşmənlər sülhə razı olmadılar. Biz isə daha 30 il gözləyə bilməzdik. Biz haqq yolundayıq, işimiz haqq işidir. İnanıram ki, tezliklə zəfər çalacaq, üçrəngli bayrağımızı bütün Vətən torpaqlarında dalğalandıracağıq. Allah bu çətin və şərəfli işinizdə Sizə kömək olsun. Biz həmişə Sizinləyik. Tezliklə doğma Qarabağımızda, Ağdamda görüşmək arzusu ilə… Qarabağ Azərbaycandır!”.

Naxçıvandan Elnur Novruzov: “Hörmətli cənab Prezident, Azərbaycan xalqının Sizə olan minnətdarlığı sonsuzdur. Siz güləndə bütün Azərbaycan Sizinlə birgə gülür. Bütün xalqımızın qəlbi hər an Sizinlə bir döyünür. Budur əsl sevgi, budur əsl milli birlik! Cənab Prezident, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına apardığınız siyasətə görə Sizə necə minnətdarlıq edəcəyimi bilmirəm. Əziz və səmimi Prezidentim, Sizin hər çıxışınıza coşqu ilə baxır, hər bir kəlmənizi sevinc göz yaşları ilə izləyirəm. Uca Tanrı Sizi Azərbaycan xalqına və Türk dünyasına çox görməsin!”.

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident