Qızıldan qiymətli torpaq - TƏHLİL

  06 Noyabr 2020    Oxunub : 9329
   Qızıldan qiymətli torpaq -    TƏHLİL
30 ilə yaxındı, torpaqlarımızın 20 faizi işğal altında idi. Sentyabrın 27-dən Ordumuzun başlatdığı əks-hücumlar nəticəsində bu ərazilər işğaldan azad edilir. Həmin ərazilər yeraltı və yerüstü sərvətlərilə zəngindir. Ümumiyyətlə, Qarabağ hər mənada varlı məkandır. Ona görə də, XVIII əsrdən bəridir bu torpaqları bizdən qopartmağa çalışırlar.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda ümumi faydalı qazıntılar üzrə yataqların demək olar, 90 faizdən çoxu məhz Qarabağ ərazisində yerləşir. Və bu yataqlar hələ ötən əsrlərdən məlum olsa da, nə sovet dövründə, nə də ondan əvvəl bunlardan düz-əməlli istifadə edilməyib. Çünki buna nə kadrlar, nə investisiya, nə də texnoloji baxımından imkan olmayıb. Sözügedən yataqlardan geniş istifadə imkanları yalnız müstəqillik əldə edildikdən sonra yarandı ki, bu zaman da həmin yataqların yerləşdiyi ərazilər işğal altına düşdü.

Götürək, qızıl yataqlarını. Azərbaycan qızıl hasilatına müstəqillik illərində başlayıb. İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından çıxarılıb. Düzdür, həmin ərazidə hələ XIX əsrin ortalarinda mis filizi yataqları kəşf edilmişdi ki, 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilib, istifadəyə verilmişdi. Daha sonra isə həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq 1865-ci ildə yenidən quruldu. Burada əksəriyyəti azərbaycanlılar olmaqla, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları çalışıb. Və Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən biri səviyyəsinədək inkişaf edib.



1883-cü ildə isə Qalakənddə ikinci misəritmə zavodu işə düşmüş və 1891-ci ildə Qalakənd zavodunda elektroliz yolu ilə qızıl və gümüş istehsal olunmuşdu. Qazma işləri əvvəllər əllə aparılırdısa, 1893-cü ildən almazla, 1902-ci ildən isə elektriklə görülüb. Gədəbəy mədənlərində bütövlükdə 100 milyon yarım puddan çox mis filizi çıxarılıb. Simenslərin fəaliyyəti dövründə hər 18 min pud misdən 13 kiloqramdan artıq qızıl, 240 kiloqrama qədər gümüş alınıb.

1864-1914-cü illərdə Gədəbəy dağlarında 3 ton qızıl, 52 ton gümüş, 1867-1916-cı illərdə 640 ton kobalt istehsal edildiyi məlumdur. 1914-cü ildə Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində fəaliyyətləri müxtəlif səbəblərə görə sona yetib.

Azərbaycanda qızıl hasilatı, yəni sənaye üsulu ilə qızıl çıxarılması bu yaxınlara təsadüf edir. Bu işlə 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Böyük Britaniyanın "Anglo Asian Mining Plc" şirkəti məşğul olur ki, 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqaviləyə əsasən, Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətininsə 49 faiz təşkil edir. Müqaviləyə görə, 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil edilməlidir.

Hazırda ölkəmizdə qızıl “AzerGold” QSC tərəfindən Daşkəsəndə və "Anglo-Asian Mining” şirkəti tərəfindən Gədəbəydə hasil olunur. Ancaq Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur ki, ümumiyyətlə bu ərazilərdə yeraltı ehtiyatlar içərisində qızıl yataqları mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilən təkcə Zəngilan rayonu ərazisində Vejnəli qızıl yatağının Azərbaycan iqtisadiyyatına verə biləcəyi xeyir 4-5 milyard ABŞ dollarına yaxın ölçülür.

Zəngilan və Kəlbəcərdə təxminən üç qızıl yatağı mövcuddur. Qeyd etdim ki, təkcə Vejnəli qızıl yatağının Azərbaycan iqtisadiyyatına verə biləcəyi xeyir 4-5 milyard dollara yaxın ehtimal edilir. Amma yatağın yeraltı istismarından sonra bu rəqəmin artma ehtimalı çox yüksəkdir. Təbii ki, öncə bu yatağın işlənməsi kimi bir sıra məsələlər öz həllini tapandan sonra...

Məsələ ondadır ki, indiyədək bu yataqlar Ermənistan tərəfindən kortəbii şəkildə istifadə edilib, daha dəqiq desəm, talan olunub. Belə ki, Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı müddətdə milli sərvətlərimizin talan edilməsi və bunda bir sıra xarici şirkətlərin iştirak etdiyinə dair çoxsaylı faktlar mövcuddur.



Laçın, Kəlbəcər və digər işğal olunmuş Azərbaycan rayonlarının ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşlarının qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarına dair faktlar üzrə cinayət işləri açılıb. Ermənistanın son illər ərzində ixrac etdiyi dağ-mədən məhsulları sırasında qızıl, mis, sink filizləri və qiymətli metal konsentratlarının əksər hissəsi ölkəmizə məxsus olub. Və işğalçı ölkə bundan milyonlarla gəlir götürüb. Odur ki, həmin yataqların təkrar Azərbaycanın nəzarətinə keçməsi çox mühüm hadisədir və gələcəkdə səhmləri 100 faiz dövlətə məxsus “AzerGold” şirkətinin xarici şirkətlərlə məsələn, bilavasitə Vejnəli qızıl yatağı üzrə dövlətin müvafiq strategiyasına uyğun yeni müqavilələr imzalamaq şansı yaranıb.

Bundan sonra bu kimi yataqlardan Azərbaycan özü xeyir götürməyə başlayacaq. Onların hər biri üzrə ilk növbədə yeni qiymətləndirmələr aparılacaq.Talanın miqyası hesablanacaq. İstismar imkanları təhlil ediləcək və nəhayət, investisiya imkanları araşdırılacaq.

Sözün qısası, ötən yazımda da qeyd etdiyim kimi Qarabağ və onun dağlıq hissəsi iqtisadi potensialımıza əlavə potensial qatacaq. Azərbaycanda ÜDM istehsalı artacaq, yeni ticari və iqtisadi imkanlar yaranacaq. Məşğulluq imkanları və şəraiti genişlənəcək. Qeyri-neft sektoru sahəsindən ixrac həcmi yüksələcək. Ölkəmizin regional əhəmiyyəti xeyli yüksələcək. Bütün Cənubi Qafqaz regionuna yeni ab-həva gələcək. Vejnəli qızıl yatağı bunda sadəcə, bir kərpic rolunu oynayacaq...Və ən əsası, həm də Azərbaycana aid hər şey öz adı ilə tanınacaq və “MADE IN AZERBAIJAN” brendi ilə satılacaq.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: Qarabağ   İqtisadiyyat