Suriyadan Zəngilana gətirilənlər kimlərdir? - Daha bir cinayət faktı

Suriyadan Zəngilana gətirilənlər kimlərdir? -  Daha bir cinayət faktı
  07 Noyabr 2020    Oxunub:7245
İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətləri müəyyən edilib.
Məlum olub ki, siyahıda adları qeyd edilən 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.

Həmçinin, 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.



Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, uzun müddətdən bəri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistan 2020-ci ilin sentyabr ayında xüsusilə Livandan olan ermənilərin köçürülməsi siyasətini həyata keçirməyə başlayıb. Bir müddət əvvəl sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı.



Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edirdi. Bununla da Ermənistan rəhbərliyi onun üçün heç bir mənəvi dəyərin olmadığını göstərdi.

Ermənistan işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq həmin insanları özünün məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevirirdi.

Azərbaycan rəsmiləri dəfələrlə bəyan edirdi ki, işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tanımır. Buna baxmayaraq, Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə çalışıb.

Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti müharibə cinayəti sayılır.

Belə ki, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı ittiham olunanların ikisinin işğal olunmuş ərazilərin “almanlaşdırılması” cəhdində təqsirli olduğu barədə qərar verib.

BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə keçmiş Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamədə “Keçmiş Yuqoslaviyanın hər yerində, əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini dayandırmağa” çağırıb.

Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsinin Statusuna əsasən, “İşğalçı dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürməsi” müharibə cinayətidir.

Hətta Ermənistanın özünün qanunvericiliyinə görə də, belə əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququnun ciddi pozuntusu sayılır və buna görə 8-12 il cəza nəzərdə tutulur.

Bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi həm öz qanunlarını, həm də beynəlxalq hüququn norma və tələblərini kobud şəkildə pozaraq işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib.

Zəngilanda qanunsuz məskunlaşdırılmış Suriya vətəndaşlarının siyahısını və onların sənədlərini təqdim edirik:







Azvision.az


Teqlər: Suriya   Zəngilan  





Xəbər lenti