Onun sözlərinə görə, düşmənin Ağdərə istiqamətində müdafiə olunan 5-ci dağatıcı alayının xeyli sayda şəxsi heyəti, avtomobil texnikası və minaatanları ordumuzun atəş zərbələri ilə məhv edilib. Bu istiqamətdə atış mövqelərinə çıxarılan D-30 haubitsasının şəxsi heyəti bölmələrimizin dəqiq atəşi ilə zərərsizləşdirilib.
Ordumuzun həyata keçirdiyi digər əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayının bir taborunun şəxsi heyəti arasında itkin düşənlər var, artilleriya divizionunda isə bir batareyanın topları sıradan çıxarılıb.
“Düşmənin qurduğu pusqular dağıdılır” - Anar Eyvazov |
Mətbuat katibi qeyd edib ki, əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən bir qədər də geriyə çəkilməyə məcbur edilib.
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavəndin ümumilikdə 16 kəndi ordumuz tərəfindən işğaldan azad olunub.
“Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərə baxış zamanı əldə olunan sənədlər və digər kəşfiyyat materialları təsdiqləyir ki, Azərbaycan Ordusu təkcə Ermənistan silahlı qüvvələri ilə deyil, həmçinin muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmalarla da mübarizə aparır. Düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də ki hansısa könüllü dəstələr Azərbaycan əsgərini dayandıra bilməz. Sağ qalmaq üçün onların bir yolu var: vaxt itirmədən silahı yerə qoyaraq döyüş meydanını tərk etmək.
Hazırda əməliyyat şəraiti ordumuzun nəzarətindədir. Cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir. Qələbə bizimlədir”, - deyə Anar Eyvazov vurğulayıb.
Azvision.az