Məhkəmədə qəfəs, yoxsa `akvarium`? – DÜNYA PRAKTİKASI | FOTO, VİDEO

Məhkəmədə qəfəs, yoxsa `akvarium`? – DÜNYA PRAKTİKASI | FOTO, VİDEO
  06 Fevral 2014    Oxunub:9088
Artıq bir neçə gündür ki, sabiq səhiyyə naiziri Əli İnsanovun “şüşə akvariumda” saxlanılması mediada və sosial şəbəkələrdə böyük səs-küy salıb.

Belə ki, yanvarın 31-də Bakı Apellyasiya Məhkəməsində Əli İnsanovun Nəsimi Rayon Məhkəməsinin çıxardığı qətnamədən verdiyi apelyasiya şikayəti üzrə növbəti proses keçirilib. Ötən prosesdən fərqli olaraq, həmin proses məhkəmənin digər zalında baş tutub. Zalda isə ənənəvi dəmir qəfəslik yox, Avropa və Amerikada, hətta Rusiyada rast gəlinən tamamilə şəffaf şüşə kabina olub.

Kabina mikrofonla təchiz edilib. Mətbuat bunu dərhal “şüşə akvarium” adlandırıb və onun səsini “batırmaq” məqsədilə edildiyi fərziyyəsini irəli sürüb.

Bu praktikanın Azərbaycan üçün yeni olduğunu və birmənalı qarşılanmadığını nəzərə alaraq, kiçik araşdırma aparmaq qərarına gəldik.

Hazırda Dünya Bankı ilə birgə ölkəmizdə yeni məhkəmələrin tikilməsi və köhnələrin təmir edilməsi prosesi gedir. Dünya Bankının tikinti məsələləri üzrə mütəxəssisi Cerald Takkerin tövsiyəsi nəzərə alınaraq, müasir tələblərə uyğun layihələndirilən binalar üçün əsasən ABŞ məhkəmə binalarının standardlarından istifadə olunur.

Ədliyyə Nazirliyindən aldığımız məlumata görə, ölkəmizin bir çox, o cümlədən, əvvəllər məhkəmələr üçün inşa edilmiş, habelə məhkəmələrin istifadəsində olan inzibati binalarda təqsirləndirilən şəxslərin məhkəmə zalında saxlanılması yerləri artıq həmin standart və təcrübəyə uyğunlaşdırılıb və bu proses davam edir.

ABŞ Məhkəmələri Administrasiyasının 2004-cü ildə təsdiq etdiyi “ABŞ məhkəmələri standardları və layihələndirmə üzrə Qaydalar”ın 6-cı hissəsində məhkəmə zallarında təqsirləndirilən şəxslərin saxlanma yerinin şüsədən layihələndirilməsi (qurulması) nəzərdə tutulur.

Layihə çərçivəsində Avstriya, Almaniya, Sinqapur, BƏƏ və digər xarici ölkələrə tanışlıq səfərləri zamanı da cüzi dəyişikliklərlə məhz bu standartların tətbiq edildiyi müşahidə olunub.

Bundan əlavə, şüşə kabinələr dəmir barmaqlıqlarla müqayisədə daha sivil görünür. Bunu Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası da təsdiq edir. Belə ki, Avropa Məhkəməsi Svinarenko və Slianevin Rusiya Federativ Respublikasına qarşı olan işləri üzrə 11.12.2012-ci ildə çıxardığı qərarda şikayətçilərin məhkəmə prosesi zamanı dəmir barmaqlıqlar arxasında saxlanılmalarını İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusu kimi qeyd edilib.

Qərarda deyilir: `Ərizəçilər şikayət edirdilər ki, onlar məhkəməyədək həbsdə olduqları müddət ərzində, məhkəmədə andlı iclasçıların qarşısında metal qəfəsdə, yəni “zooparkdakı meymunlar kimi” saxlanılırdılar, bununla da onlar şərəf və layaqətlərinin alçaldılmasına məruz qalıblar. Məhkəmə şikayəti məqbul sayaraq, şikayətçilərin metal qəfəsdə saxlanılmasının Konvensiyanın 3-cü maddəsinin pozulması olduğu barədə qərar çıxarıb.

AzVision.az



Qalereya




Teqlər:  





Xəbər lenti