Şuşadakı tarixi-dini abidələrimiz - FOTOLAR

 Şuşadakı tarixi-dini abidələrimiz -  FOTOLAR
  09 Noyabr 2020    Oxunub:4643
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Şuşa şəhəri erməni işğalçılarından azad edilib. Azərbaycan xalqının böyük sevincinə səbəb olan müjdəli xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev açıqlayıb. Şuşanın azad olunması xəbəri böyük coşqu ilə qarşılanıb.
Azvision.az 28 ildən sonra işğaldan azad edilən Şuşa şəhərinin məscidləri, mədəni tarixi abidələri haqqında məlumatı təqdim edir:



Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir.



Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir.



Qarabağ xan sarayı və ya Pənahəli xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən, Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray iqamətgah olmaqla yanaşı, xan ailəsi ilə birlikdə bu sarayda yaşayıb.



Vaqif türbəsinin tikintisi 1982-ci ildə başa çatdırılıb. Vaqif türbəsi Şuşanın Cənub-Qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli şəkildə həlak olduğu, dəfn edildiyi qayalı təpədə əzəmətlə ucalır.



Xurşidbanu Natəvanın evi Şuşada inşa edilmiş qədim mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərdən ibarət olub.



İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.


Cıdır düzü Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidir.

Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talayıb və məhv ediblər.

Şəhərin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.

Azvision.az


Teqlər: Şuşa   Tarix  





Xəbər lenti