“Bu gün hamımız yenidən doğulduq”

 “Bu gün hamımız yenidən doğulduq”
  08 Noyabr 2020    Oxunub:2180
“Allaha şükür ki, bu millətə belə bir tarixi və şərəfli günü görmək qismət oldu”.
Bu sözləri Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O, Şuşanın işğaldan azad edilməsini Azərbaycan tarixində mühüm əhəmiyyətə malik bir zəfər kimi qiymətləndirib:

“Uzun illər idi ki, boynu bükük qalmış bu millət indi diriliş gününü əldə etdi. Bu gün bütün Azərbaycan yenidən doğuldu. Hamımız dünyanın yeni, fərqli insanı kimi doğulduq. Allah Ali Baş Komandanı var eləsin! Allah ordumuzu, əsgərlərimizi var eləsin! Allah həm də bizə böyük dayaq, dəstək olan Türkiyəmizi var eləsin! Əsas odur ki, müharibənin gedişində böyük tarixi qələbəyə nail ola bildik”.

Deputat qeyd edib ki, Şuşa öz sahibinə qaytarıldı və düşməni bundan sonra da ağır məğlubiyyətlər gözləyir:

“Bizim bu müharibədə ən böyük hədəfimiz Şuşa idi. Belə bir tarixi şəhərimizi, Qarabağın incisini işğaldan azad etməklə Azərbaycan xalqının bütün nisgilinə, yarasına məlhəm qoyuldu. Bu artıq müharibənin gedişində tam və qəti qələbəmizi təmin edən bir uğurlu nəticədir”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Şuşa   Fazil-Mustafa   Qarabağ  





Xəbər lenti