“Şuşa xəbərini sevinc göz yaşları ilə qarşıladım” - Ceyhun Məmmədov

  08 Noyabr 2020    Oxunub : 3693
 “Şuşa xəbərini sevinc göz yaşları ilə qarşıladım” -  Ceyhun Məmmədov
“Hazırda Azərbaycan tarixinin ən şanlı, şərəfli dövrlərindən birini yaşayırıq. Şuşa uzun müddət idi ki, işğal altında saxlanılırdı. Artıq azad edilən bu şəhər həmişə Azərbaycanın tarixi mədəniyyət mərkəzi sayılıb”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib. Xəbəri böyük sevinclə qarşıladığını deyən deputat Şuşanın tarixi, strateji əhəmiyyətindən də söz açıb:

“Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrimizi dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Şuşada xeyli sayda tanınmış şəxsiyyətlərimiz doğulub. Eyni zamanda bura rəmzi olaraq Qarabağın döyünən ürəyi sayılır. Bu illər ərzində hamımız səbirsizliklə bu cür dəyərli bir tarixi şəhərimizin nə vaxt azad ediləcəyini gözləyirdik. Bütün bölgələrimiz, şəhərlərimiz bizim üçün doğmadır, əzizdir, Vətənimizin hər guşəsini sevirik. Ancaq həqiqətən də Şuşanın hər bir azərbaycanlının qəlbində xüsusi bir yeri və dəyəri var. O baxımdan da xalqımız bu günü çoxdan gözləyirdi və indi zəfəri böyük bayramı kimi qeyd edir”.

Deputat deyir ki, artıq Şuşa kimi strateji şəhəri azad edən ordumuz müharibənin gedişində üstünlüyümüzü də tam şəkildə təmin edib:

“Əvvəllər də üstünlüyümüz çox idi. Amma Şuşa müharibənin gedişində sonun başlanğıcıdır! Hərbi-strateji baxımdan şəhərin xüsusi əhəmiyyəti var. Şuşanın relyefi, coğrafi mövqeyi, bütün erməni gücünün şəhərə cəmlənməsi buranın azad edilməsi üçün müəyyən bir vaxt tələb edirdi. Bildiyiniz kimi Xankəndinə gedən yol Şuşadan keçir. Ermənistan bütün gücünü sərf edib çalışırdı ki, bu ərazini verməsin. Ermənilər davamlı olaraq burada müəyyən tikinti işləri görürdülər, “paytaxt”ı isə Şuşaya köçürmək istəyirdilər. “Xalq məclisi” üçün bina da planlayırdılar... Yəni bütün bu təxribatlara da son qoyuldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə müharibənin əvvəlindən bu günə kimi öz sözünü deyir. Şükürlər olsun ki, artıq bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

Ceyhun Məmmədov zəfər marşlarının başqa erməni tapdağında qalan ərazilərimizdə də çalınacağına əminliyini ifadə etdi. O səbirsizliklə Laçının, Kəlbəcərin, Xankəndinin, Xocalı və digər işğalda qalan rayonlarımızın tezliklə azad olunmasını və üçrəngli bayrağımızın bütün tarixi torpaqlarımızda dalğalanmasını gözlədiyini söylədi:

“Mən Şuşanın azad olunacağı günü hər bir azərbaycanlı kimi böyük səbirsizliklə gözləyirdim və səmimi etiraf edim ki, şəhərin azad edilməsi xəbərini sevinc göz yaşları ilə qarşıladım. Cənab Prezidentin Şuşanın azadlığını özünəməxsus şəkildə ifadə etməsi bizi qürurlandırdı. Ən diqqət çəkən məqamlardan biri də Ali Baş Komandanın qələbə xəbərini Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bir yerdə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək və şəhidlərimizin xatirəsini anaraq, Şəhidlər Xiyabanından verməsi oldu.

Bunun özü də xalqımız üçün xüsusi bir dəyəri oldu. Çünki biz bilirdik ki, ulu öndərin ən böyük arzularından biri Qarabağın işğaldan azad olunması idi. Eləcə də şəhidlərimizin də əsas arzusu torpaqlarımızın yağı tapdağından təmizlənməsi idi. Bu gün şəhidlərimizin, həmçinin də ulu öndərin ruhu sevinir ki, artıq xalqımız öz tarixi torpaqlarını erməni işğalçılarından geri alır. İnşallah qeyd etdiyim kimi tezliklə digər torpaqlarımız da tam şəkildə azad ediləcək. Qarabağ Azərbaycandır!”

Tural Tağıyev
Azvision.az

Teqlər: Şuşa   Ceyhun-Məmmədov