“Bu gün Albertin də ruhu şad oldu!”

 “Bu gün Albertin də ruhu şad oldu!”
  08 Noyabr 2020    Oxunub:4136
“Əminəm ki, bu gün Şuşanın işğaldan azad olunması xəbəri yayılan kimi Albertin də ruhu şad oldu!”
Bunu Azvision.az -a açıqlamasında Sumqayıt şəhər Yəhudi Dini İcmasının həmtəsisçisi, Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov deyib. O bildirib ki, Azərbaycan xalqının qəlbində dərin izlər buraxan Milli Qəhrəman Albert Aqarunov Şuşanın sevincini hamıdan çox hiss edir:

“Bəli, şəhidlər ölmürlər. Onların ruhu uğrunda döyüşdükləri torpaqlarda daim narahat şəkildə gəzirdi. Albertin də narahat ruhu Şuşada idi. Bu gün Ali Baş Komandan müzəffər ordumuzun Şuşaya nəzarət etdiyini, bu tarixi və bizim üçün qürur məsələsi olan şəhəri geri qaytardığını elan edəndə o torpaqları canı bahasına qorumuş oğullarımızın bu sevinci hamıdan çox hiss etdiyinə əmin oldum. Albert kimi yüzlərlə, minlərlə qəhrəman övladımız birinci Qarabağ savaşında Şuşanı və digər gözəl torpaqlarımızı qorudu, əlimizdə saxlamağa çalışdılar.

Təəssüf ki, tarixin acı səhifələrindən olan 90-lar hazırlıqsız ordumuzun belə çətin sınaqlar qarşısında çox duruş gətirməsinə imkan vermədi. Amma dövr, zaman dəyişdi, nəinki bölgənin, dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan Silahlı Qüvvələri bizim olanı bizə qaytarmağa başladı. Mən təəssüf edirəm ki, Albert qardaşımızın o mehriban baxışları yeni nəslin qəhrəman hərbçiləri ilə indi alınan Şuşa qalasına zillənə bilmir. Düzdür o cismən aramızda deyil, amma mənən qəlbimizdə yaşayır, yaşayacaq və sevincimizi də bizimlə bölüşəcək!”

Nəsimi Əbilov qeyd edib ki, Azərbaycan xalqı Şuşanın azad olunma xəbərini göz yaşları ilə qeyd etdiyi kimi, dünyanın dörd bir yanından olan yəhudi xalqı da bizim qədər kövrəlib bu xəbərə sevinir:

“Bizim tolerant torpaqlarda sülh, əmin-amanlıq olacaq və gələcəkdə də Şuşa özünün qala qapılarını Azərbaycanda yaşayan bütün millətlərə açacaq. Müharibə bitən kimi Albertin də addım-addım gəzdiyi qədim Qarabağ xanlığının mərkəzi olan bu şəhərə gedib əzəli və əbədi torpaqlarımızı öpüb, “biz qayıtdıq deyəcəyik”. Bütün Azərbaycan yəhudiləri, Şuşamızda Albertin və son bir ayda şəhid olan qəhrəman oğullarımızın ruhu üçün dualar oxuyacaq! Narahat ruhun şad olsun əziz Albert, səni özünə ideal seçən Azərbaycan tankçıları, əsgər və hərbçiləri bu gün Şuşada məğrur baxışlarla bayraq qaldırırlar!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Albert-Aqarunov   Şuşa  





Xəbər lenti