İstanbulda Azərbaycana dəstək mitinqi - FOTO

İstanbulda Azərbaycana dəstək mitinqi -  FOTO
  08 Noyabr 2020    Oxunub:2298
Noyabrın 8-də İstanbulun mərkəzi bölgələrindən olan “Beyazit meydanı”nda Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi və qardaş dəstəyini nümayiş etmək məqsədilə möhtəşəm aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, tədbir Türkiyədə, eləcə də İstanbulda fəaliyyət göstərən QHT-lər və bir çox Azərbaycan-Türkiyə dostluq cəmiyyətlərinin təşəbbüsü ilə baş tutub.

Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın şanlı Ordusunun zəfər xəbərləri münasibətilə hər iki qardaş ölkəni təbrik ediblər. Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam edən işğalçılıq siyasətindən bəhs olunub, iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlarından danışıblar.

Qardaş Türkiyənin Azərbaycana dəstəyinin qürurverici olduğunu bildirən çıxışçılar, Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hər şəraitdə ölkələrimizin, eləcə də xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə etdiklərini vurğulayıblar.

Mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib.



Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dərhal dayandırılması, işğalçı tərəfin hərbi qüvvələrinin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisini tərk etməsi tələb olunub.

Bildirilib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır.

Tədbirdə iştirak edən Türkiyə vətəndaşları lazım olduğu təqdirdə azərbaycanlı qardaşları ilə yanaşı, düşmənə qarşı savaşa hazır olduqlarını bildiriblər.

Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti