“Şuşadan çıxanda cavan oğlan idim, yeni ailə qurmuşdum” - FOTOLAR

   “Şuşadan çıxanda cavan oğlan idim, yeni ailə qurmuşdum” -    FOTOLAR
  09 Noyabr 2020    Oxunub:8344
“Şuşanın azad edilməsi xəbərini Prezidentimizin dilindən eşidəndən bəri sevincimin həddi-hüdudu yoxdur. Mənim üçün bundan sevincli, şanlı gün olmaz. Qamətim düzəlib, belim dikəlib. Ali Baş Komandana, Ordumuza minnətdarlıq edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərə can sağlığı versin. Şuşanın azad olunması ilə bağlı kimin əməyi varsa, Allah onları qorusun”.
Bunu Azvision.az -a açıqlamasında Şuşanın 60 yaşlı sakini Fəxrəddin Mahmudov deyib.

“Ailə üzvlərim bu xəbəri göz yaşları ilə qarşıladı. Bunlar sevinc göz yaşları idi. Artıq biz o torpaqlara qayıdacağıq. 28 illik həsrət sona çatacaq. Ölkə başçımız qısa zamanda bizi Şuşamıza qovuşdurur”.



Müsahibimiz Şuşada olduğu günləri belə xatırlayır: “Şuşadan çıxanda 32 yaşım var idi, cavan oğlan idim, yeni ailə qurmuşdum. Şuşada 2 nömrəli hamamın yanında toxuculuq kombinatının binasında balaca evim var idi. Təzə almışdım, orada az yaşadım. Böyük ev olmasa da, o ev mənim üçün doğma, əziz idi. Şuşada Əmanət Bankda kassir, kassa müdiri, maliyyə şöbəsində iqtisadçı işləmişəm. Daha sonra kənd sovetinin sədri olmuşam. Gözəl günlər idi. İnşAllah o günləri yenidən yaşayacağıq. SSRİ dağılanda ermənilər nankorluq etdilər. Bizimlə yaşaya, qonşuluq edə-edə belə alçaqlığa əl atdılar".



Evinə qayıdacağı günü həsrətlə gözləyən F.Mahmudov Şuşanın hər bir yerini qarış-qarış gəzəcəyini söyləyib: “Şuşaya qayıdarkən doğmalarımın qəbirlərini ziyarət edəcəyəm. Şuşanın torpağı, daşı, suyu o qədər əzizdir ki, hər bir daşını, dərəsini ziyarət etmək istəyirəm. Allah imkan versə, hər bir kolunun dibinə ayağımın dəyməsinə çalışacağam. Bu sevincli günləri bizə yaşatdığı üçün Prezidentimizə, Ordumuza təşəkkür edirəm”.



F.Mahmudov qeyd edib ki, Şuşanı tək şuşalalılar deyil, vətən torpağının bütün igid oğlanları işğaldan azad edib.
“Qubadan, Gəncədən, Bakıdan, Sumqayıtdan, Salyandan da Şuşa döyüşlərində iştirak edənlər var. Bu birliyə şükür olsun. Xalqımızın birliyi məni sevindirir”.





Aytən Zəhra
Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti