YAP Prezidentə müraciət edib

  09 Noyabr 2020    Oxunub : 1382
   YAP Prezidentə müraciət edib
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa şəhərinin azad edilməsi münasibətilə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

"Ali rəhbərliyiniz altında Azərbaycan Ordusunun daha bir möhtəşəm qələbəsi – Qarabağın və bütün Qafqazın incisi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqına və ürəyi Azərbaycanla döyünən hər kəsə böyük sevinc, fərəh və qürur hissləri bəxş etmişdir.

Sentyabrın 27-dən etibarən Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının zəfər xəbərləri yayıldıqca ölkəmizin ən qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın azadlığa qovuşacağı günün sürətlə yaxınlaşdığına hər birimiz daha dərindən inanır və o günü səbirsizliklə gözləyirdik.

Nəhayət, Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək, 28 il yarım davam edən həsrətə son qoydu. 8 noyabr günü Azərbaycanın şanlı tarixinə əbədi olaraq həkk edildi.

Bu qələbə Ulu Öndər Heydər Əliyev yoluna sadiq lider kimi Sizin müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və xarici siyasətinizin məntiqi nəticəsidir. Uğurla həyata keçirdiyiniz müstəqil dövlət quruculuğu siyasəti, iqtisadiyyatın inkişaf etdirilməsi, sosial rifahın yüksəldilməsi, güclü ordunun yaradılması ölkəmizdə möhkəm siyasi sabitliyi, iqtidar-xalq birliyini, milli həmrəyliyi təmin edərək Silahlı Qüvvələrimizin zəfər yürüşünün möhkəm təməllərini formalaşdırmışdır.

Sizin rəhbərliyinizlə Azərbaycanın hərtərəfli düşünülmüş xarici siyasət kursunun, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq konepsiyasının rolunu ayrıca qeyd etmək yerinə düşər. Bütün mötəbər beynəlxalq kürsülərdə və platformalarda Ermənistanın işğalçı mahiyyətini ifşa edən hücum diplomatiyası sayəsində beynəlxalq hüquq müstəvisində Azərbaycanın haqq mövqeyini dəstəkləyən əlverişli zəminin yaradılması qələbəmizi şərtləndirən mühüm amildir.

Azərbaycanın son bir necə yüzillik tarixində ən böyük qələbəsi olan şanlı Vətən müharibəsinin uğurlarının əsasında lider amilinin dayandığını xüsusi vurğulamaq istəyirik. Hamılıqla etiraf etdiyimiz gerçəklik ondan ibarətdir ki, Sizin Ümummilli Lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda qələbələrimizin əsas şərtidir. Azərbaycanın üçrəngli bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda, Qarabağda dalağandırılacağı barədə verdiyiniz vədləri şərəflə yerinə yetirməyiniz Ulu Öndərimizin və Azərbaycan xalqının Sizə olan böyük etimadını sonacan doğrultmaq əzmində olmağınızdan xəbər verir.

Biz sevinir və qürur duyuruq ki, rəşadətli Azərbaycan əsgəri Qarabağ savaşı başlayan dövrdən etibarən verilən qurbanların, şəhidlərimizin, qətlə yetirilən günahsız uşaqların, qadınların, qocaların qanını yerdə qoymadı. İnanırıq ki, savaş meydanında düşmənə endirilən sarsıdıcı zərbələrdən və qazanılan qələbələrdən onların ruhları şad olur.

Sizin qeyd etdiyiniz kimi, Azərbaycan Ordusunun zəfər yürüşü isə davam edir və düşmən sonadək bütün torpaqlarımızdan qovulacaqdır. Şuşanın, doğma Qarabağın işğaldan tam azad edilməsi xalqımızın çoxəsrlik tarixinin ən möhtəşəm səhifəsini təşkil edəcəkdir. Uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhvədir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbələrin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.

Cənab Prezident!

Siz Azərbaycanın yeni tarixini yaradırsınız. Tarix isə Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edir.

Allah Sizi və Azərbaycanı qorusun!"

Azvision.az

Teqlər: YAP   Prezident   Müraciət