“Əgər Azərbaycan təcavüzlə üzləşsə...” - Prezidentdən mühüm açıqlama

  09 Noyabr 2020    Oxunub : 1995
  “Əgər Azərbaycan təcavüzlə üzləşsə...” -    Prezidentdən mühüm açıqlama
Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “BBC News”a müsahibəsində Türkiyənin münaqişədə birbaşa hərbi iştirakının mümkünlüyü barədə suala cavabında söyləyib.

Prezident sözünə davam edərək deyib: “Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq”.

Dövlətimizin başçısı qeyd edib ki, uzun illər bundan əvvəl təcavüz olacağı təqdirdə Türkiyə ilə həm də hərbi dəstəyi təmin edən sənəd imzalanıb. “Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz bu variantı nəzərdən keçirəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev