Anar Eyvazov deyib ki, ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görülüb. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. “Su-25” həmlə təyyarəsi və pilotsuz uçuş aparatlarının tətbiqi ilə hərbi hava qüvvələrimizin cəbhənin Xocavənd istiqamətində endirdiyi aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları darmadağın edilib. Əsas komanda məntəqəsində bir neçə yüksək vəzifəli şəxs məhv edilib. Ordumuzun bu istiqamətdə və Qırmızı Bazar məntəqəsi ətrafındakı mövqelərə hücumları qarşısında aciz qalan düşmənin 2-ci və 3-cü motoatıcı alaylarının bölmələri ağır itkilər verərək müdafiə hədlərini atıb qaçmağa məcbur olub. Ermənistan silahlı birləşmələri xeyli sayda canlı qüvvə itirib. Cəbhənin Tərtər istiqamətindən bölmələrimizi atəşə tutan düşmənin 10-cu dağatıcı diviziyasının minaatan heyəti də ordumuzun dəqiq atəş zərbəsi ilə zərərsizləşdirilib.
Mətbuat katibi qeyd edib ki, düşmənin Şuşa istiqamətində mühasirədən çıxmaq məqsədilə bölmələrimizə hücum etməyə cəhd edən qüvvələri və Xankəndi istiqamətində hərəkət edən qoşqulu yük avtomobili “Zərbə” pilotsuz uçuş aparatları ilə məhv edilib.
Qazaxıstanla hərbi əməkdaşlıq müzakirə olunub - VİDEO |
“Düşmən ictimai fikri öz uğursuzluqlarından və işğal altındakı ərazilərimizdə törətdiyi hərbi cinayətlərdən yayındırmaq məqsədilə müxtəlif dezinformasiyalar yayır. Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn norma və prinsiplərini rəhbər tutaraq düşmənin yalnız hərbi təyinatlı obyektlərini hədəfə alır. Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraq növbəti hədəfə doğru irəliləyir”, - deyə Anar Eyvazov vurğulayıb.
Dövlət Bayraq Günü və şanlı bayrağımızın azad olunmuş Şuşa şəhərində dalğalanması münasibətilə ordu rəhbərliyi və şəxsi heyət adından təbriklərini çatdıran mətbuat katibi deyib: “Biz bu cəsarəti və döyüş ruhunu Müzəffər Ali Baş Komandanımızdan və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzarətdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!”.
Azvision.az