“Kapitulyasiya Ermənistan üçün yeganə çıxış yolu idi” - Hərbi ekspert

 “Kapitulyasiya Ermənistan üçün yeganə çıxış yolu idi” -  Hərbi ekspert
  10 Noyabr 2020    Oxunub:3850
Dağlıq Qarabağdakı müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Bu gecə Qarabağ döyüşlərinin dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya arasında bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs elan olunub, bütün hərbi əməliyyatlar dayandırılıb. Razılaşmaya uyğun olaraq, bundan sonra tərəflər - Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. Həmçinin, bəyanatda bir sıra məsələlər nəzərdə tutulub.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün sosial şəbəkə hesabında xalqa müraciətində bildirib ki, ölkənin silahlı qüvvələrinin tövsiyəsindən sonra Qarabağa dair razılaşma imzalamağa qərar verib. O, müharibəni davam etdirmək üçün ehtiyat qüvvələrin səfərbər edilməsi ilə bağlı problemlərin olduğunu etiraf edib.

Paşinyanın sözlərinə görə, ordu Qarabağa dair müqaviləni imzalamaqda israr edib, çünki resurslar tükənib: "Ordu dayanmağın lazım olduğunu söylədi. Ona görə ki, problemlər var idi, amma onların həlli üçün heç bir perspektiv mövcud deyil və ya resurs tükənib. Səfərbərliklə bağlı problemlər var idi, ümumiyyətlə, ölkə döyüş əməliyyatları aparmağa hazır deyildi. Ön cəbhədə döyüşənləri əvəz edənlər yox idi. Döyüşənlərin dincəlmə fürsəti olmalı idi. Cəbhə xəttində bir ay ərzində döyüşənləri əvəz edən yox idi. Ona görə də Ermənistan rəhbərliyi və tanınmamış “DQR” müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğu barədə qərar qəbul etdi. Əks halda bunun nəticələri daha pis olacaqdı”.

Hərbi ekspert Ruslan İmamquliyev Azvision.az-a açıqlamasında bildirib ki, sənədin imzalanmasından sonra Ermənistanda baş verən proseslər göz önündədir, insanlar etiraz olaraq Ermənistan parlamentinə giriblər, Azərbaycanda isə insanlar qələbəni qeyd edir.

Hərbi ekspert deyib ki, döyüşlərdə Azərbaycan üstün tərəf olaraq müqaviləyə imza atıb: "Sənəddə Ağdam, Kəlbəcər və Laçın rayonlarının qeyd-şərtsiz Azərbaycana qaytarılması qeyd olunub. Buna beynəlxalq normativlər çərçivəsində baxılsa, bölgədə olan Ermənistan silahlı qüvvələrinin oranı tərk etməsi üçün zaman ayrılması, burada üçüncü tərəf olaraq sülhməramlı qüvvələrin cəlb olunması normaldır. Əsas olan budur ki, 100 illik ləkəni üzərimizdən qaldırmış olduq. Ordu quruculuğumuzu, siyasətimizi, üstünlüyümüzü ortaya qoyduq, nəticə əldə etdik. Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad etmiş və hakim vəziyyətdədir. Ermənistan ordusu məğlub olub və çəkilmək üzrədir. Bu çəkilməyi ordu özü tələb edir. Bunu artıq onların siyasi rəhbərliyi də etiraf edir ki, ordunun istəyi ilə müqaviləyə razılıq verildi. Çünki Ermənistan ordusunun döyüşmək əzmi, ehtiyat qüvvələri və təminatları yoxdur. Bütün təminat yolları Ordumuzun nəzarətində olduğu üçün belə də olmalı idi. Bu gün erməniləri oranı tam tərk etmək üçün müqaviləyə və şərtlərə razılaşmış durumdadırlar. Bu tam olaraq Azərbaycan Respublikasının qələbəsidir. Bu qələbinin davamı olaraq növbəti addımlar, şərtlər nədirsə, yerinə yetiriləcək. Müqavilənin şərtləri var. Ali Baş Komandan lap əvvəldən bildirmişdi. O halda sülh müqaviləsinə imza atarıq ki, Ermənistan tərəfi qrafik təqdim etsin. Döyüşün gedişatında onlar heç də qrafiklə ərazini tərk etməyə razı deyildilər. Sonrada razılığa gəlməyə məcbur edildilər. Onlar kapitulyasiyanı qəbul etdilər. Burada üçüncü tərəf kimi Rusiyanın olması gözlənilən haldır. Yaralı və ölülərin dəyişdirilməsi üçün digər beynəlxalq təşkilatların iştirakı normaldır. Bu mərhələdə buna gedilməsəydi, məsələyə başqa şəkildə də qiymət verilə bilərdi.

Azərbaycan öz ərazilərini təmizlədi və beynəlxalq normativlərə uyğun olaraq üçüncü tərəflərin də iştirakını təmin etdi. Azərbaycan göstərdi ki, biz bölgədəki sivil erməni əhalisinə qarşı heç bir təcavüz etmək niyyətində deyilik. Biz dövlət sərhədlərimizi pozmuş, ərazilərimizi işğal etmiş Ermənistan silahlı qüvvələrinə qarşı addım ataraq onları zərərsizləşdirmişik".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ordu   Azərbaycan   Qələbə  





Xəbər lenti