Azərbaycan regionda yeni reallıq yaratdı

   Azərbaycan regionda yeni reallıq yaratdı
  11 Noyabr 2020    Oxunub:5460
30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi sona çatdı. 45 gün çəkən ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan bu müddət ərzində nəinki 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, həm də çoxsaylı strateji yüksəklikləri azad etməklə işğal faktına son qoydu, düşmən üzərində öz hərbi, siyasi və diplomatik üstünlüyünü göstərdi.
Müharibə dövründə bir çox xarici hərbi ekspertlər ölkə rəhbərliyinin ordunu ən müasir texnika və hərbi avadanlıqlarla təmin etməsini, şəxsi heyətin döyüş ruhunu yüksək qiymətləndirdi. Həqiqətən də, bu iki amilin sayəsində qısa müddətdə düşmənin texnikası tam məhv edildi, ermənilərin canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu sözün həqiqi mənasında darmadağın edildi, düşmənin silahlı birləşmələri atəşkəs ərəfəsində vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı.

Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamasında ordusunun döyüş qabiliyyətinin xeyli aşağı olmasından gileylənmiş, səfərbərliklə bağlı ciddi problemlərin yarandığını dilə gətirmişdi.

Nikol üçün müharibənin gedişində ən acı məğlubiyyət Qarabağın incisi sayılan Şuşanın müzəffər Ordumuz tərəfindən azad edilməsi oldu. Azərbaycan tarixi Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Bu gün artıq iki ölkədə fərqli mənzərə yaranıb. Əgər İrəvan etiraz aksiyalarında boğulursa, Bakıda qələbə sevinci yaşanır. Ermənistanın daxilindəki hazırki biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi.

Kapitulyasiya ilə bağlı saziş erməni tarixinin ən ağır sənədi sayıla bilər. Çünki sənədə məğlub durumda imza atan Nikolun heç bir tələbi yerinə yetirilmədi. Müharibənin nəticəsi olaraq Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərini əldə edə bilmədi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəlisi hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Bu gün Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gedib. Artıq erməni xalqının illərlə Dağlıq Qarabağda qurmaq istədiyi yeni erməni dövlətinin yaradılması planları da puç olub...

Nəinki ikinci erməni “dövləti” tarixin zibilliklərinə atıldı, onların əlavə istəkləri də bundan sonra müzakirə mövzusu ola bilmız. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olundu, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsinin Azərbaycan Ordusunun nəzarətində olması tarixi nailiyyət sayılmalıdır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun “məğlubedilməz”liyi barədə illərdir formalaşdırılmış mifi 45 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Kapitulyasiya ilə məlum sənədi imzalamağa məcbur olan Ermənistan inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçını Azərbaycana qaytarmaq məcburiyyətində qaldı. Bu isə kifayət qədər böyük ərazinin şəhid vermədən, qan tökülmədən geri qaytarılması deməkdir.

Bundan başqa, azad edilən digər ərazilərlə yanaşı Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması ilə Dağlıq Qarabağa gedən bütün strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olacaq. Həmçinin qarşıdakı dövrdə məcburi köçkünlərin azad edilən ərazilərə geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.

Tarixi razılaşmaya əsasən, Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, bundan sonra hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll ediləcək. Bu bir həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa da nəzarət edir. Şuşa şəhərində isə artıq bir neçə gündür Azərbaycan bayrağı dalğalanır.

Onu da vurğulayaq ki, Kəlbəcər, Ağdam və Laçınının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Rusiya sülhməramlılarının nəzarətinə verilən Laçın dəhlizində bundan sonra Ermənistan hərbçiləri olmayacaq.

Ümumilikdə isə 45 günlük Vətən Müharibəsindən sonra 30 illik Dağlıq Qarabağ münaqişəsinin həlli tam şəkildə ölkəmizin maraqlarına uyğun baş tutdu, müharibədə uduzan Ermənistan tarixinin ən biabırçı məğlubiyyətini yaşadı. Tarix yazan Azərbaycan Prezidenti isə status-kvonu dəyişdi və bu gün şərtləri yalnız Azərbaycan diqtə edir...

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Kapitulyasiya   AliBaşKomandan  





Xəbər lenti