“Şuşanı bir neçə günə az itkilərlə almaq peşəkarlıqdır” - Prezident

 “Şuşanı bir neçə günə az itkilərlə almaq peşəkarlıqdır” -  Prezident
  11 Noyabr 2020    Oxunub:3055
Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib.

“Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi”, - deyə Müzəffər Ali Baş Komandan vurğulayıb.

Bölgənin coğrafiyasının özlüyündə bir istehkam olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti