“Prezident tarixi qələbə ilə milli ruhumuzu bərpa etdi”

 “Prezident tarixi qələbə ilə milli ruhumuzu bərpa etdi”
  12 Noyabr 2020    Oxunub:2284
“Tarixi qələbə xəbərini eşidən gündən ailəliklə çox sevincliyik. Yerdə və ya göydə, ac-susuz olduğumuzu hiss etmirik. Sanki hissiyatımız sevinc qarşısında azalıb. Bu, elə gözəl xəbərdir ki, deməyə söz tapmıram. Bunu bizə yaşadan Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür edirik”.
Bunu Azvision.az -a açıqlamasında Laçın rayon sakini Fəxrəddin Paşayev deyib.

28 illik həsrətin sona çatdığını deyən F.Paşayev bildirib ki, Prezident İlham Əliyev tarixi qələbə ilə milli yaddaşımızı, milli ruhumuzu bərpa etdi.

“Bu qələbə təkcə torpaqların azad olunması deyil, Azərbaycan xalqının milli yaddaşının bərpasıdır. Prezidentimiz 17 ildə bizim milli yaddaşımızı, milli ruhumuzu bərpa edirdi. Mən fəxr edirəm ki, azərbaycanlıyam. İndi azad olunmuş Qarabağda ermənilər də gəlib bizimlə birgə yaşayacaqlar. Kimisi gəlib malımızı saxlayacaq, kimisi evimizin dəmirini vuracaq, biri də gəlib nazir müavini oldu bəlkə, onlara nə var ki. Qarışıb bizim aramızda yaşacaqlar”.

F.Paşayev qələbə xəbərini alan anda Laçında yaşadığı günlərin kino lenti kimi gözünün önündən keçdiyini vurğulayıb.

“Həmin dəqiqə Laçına haradan getməyim ildirim sürət ilə beynimdə canlandı. Şuşa tərəfdən, yoxsa Zəngilandan gedəcəyik? Məmədbəyli pavilyonununda çay içməyimi, çörək yeməyimi, Şuşadan gedəcəmsə, Sarısu bulağında pavilyonda olmağımı, quzu otaranda əlimin yaralandığı yerə getməyimi, atamın qəbrini ziyarət etməyimi, Kəlbəcər aşırımına qaçmağımı, Laçının gülü, çiçəyini qoxlamağımı bir anlıq yaşadım.

Məcburi köçkün olandan Laçını yuxuda tez-tez görürdüm, amma son vaxtlar bu yuxuları görmürdüm. İndi isə gözümü yumuram ya erməni ilə müharibəyədəm, ya meşədə meşə armudu yığıram, ya hardasa çəpiş kəsirlər və s. Laçınlı günlər elədir ki, unudulmaz. Biz Laçının hər koluna, hər ağacına bələdik. Kollardan çiçəklər yığmışıq. Fevralın sonunda bazar çiçəyini yığıb bir-birimizə hədiyyə verirdik, evə gətirənə qədər solurdu”.

F.Paşayev bildirib ki, Laçına ilk ayaq basanda çox kövrələcək və ilk dediyi cümlə “Laçın məni bağışla, Ana torpaq bağışla, bağışla ki, səndən ayrıldıq” olacaq.

"Mən Laçının Kamallı kəndində doğulmuşam, amma rayon mərkəzində evim var idi, orada qalırdım. Uşaqlar internetlə baxıblar, deyilənə görə evimin yerində kilsə tikiblər. Uşaqlar baxır, mən baxa bilmirəm. Biz Laçından çıxanda heç nə götürməmişdik. hər şey evdə qaldı. Onda heç kim buna inanmırdı. Qonşuda cavan ailələr var idi, ev tikirdilər.

Laçına gedən kimi düşünmədəm öz evimi bərpa edəcəyəm. Orada quruculuq işlərində də iştirak edəcəyəm. Qurub yaratmaq istəyirəm. Laçının yollarını özüm səhərə kimi dırnaqlarımla düzəldəcəyəm”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Laçın  





Xəbər lenti