“Hər zaman sizinlə bir yerdə olacağam” - Ali Baş Komandanın hərbçilərə həssas münasibəti

 “Hər zaman sizinlə bir yerdə olacağam”  - Ali Baş Komandanın hərbçilərə həssas münasibəti
  12 Noyabr 2020    Oxunub:3117
Ötən gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Bu, dövlət başçısının döyüşlər zamanı yaralı hərbçilərlə ilk görüşü deyildi. Belə ki, Ali Baş Komandan əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda – sentyabrın 30-da birinci xanım Mehriban Əliyeva ilə birlikdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüb. Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandanın xanımı ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar hərbiçilər olub. Bu, Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibəti kimi qiymətləndirilməlidir.
Prezidentin Vətən müharibəsində əldə edilən parlaq qələbədə hərbçilərin zəhmətini və fədakarlığını xüsusi qeyd etməsi, onların müalicəsi və xəstəxanadan sonrakı həyatı üçün bütün lazımi tədbirlərin görüləcəyini elan etməsi, hətta onlardan tibbi maskaları çıxarmağı xahiş edərək hamının bu qəhrəmanları üzdən tanımasını istəməsi Ali Baş Komandan kimi İlham Əliyevin hərbçilərə olan dərin hörmətini və həssas münasibətini ifadə edən mühüm göstəricilərdir.

“Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”, - deyən dövlət başçısı hərbçilərə daim diqqət və qayğı göstəriləcəyini onların nəzərinə çatdırıb.

Prezident şəhidlərə bu dəfə də xüsusi ehtiramını bildirib, onların xatirəsini bir dəqiqəlik sükutla yad edib. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi xəbərini Ali Baş Komandan məhz Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri ilk eşitməyə məhz şəhidlərin haqqı kimi yanaşdı. Ali Baş Komandan ilk dəfə idi ki, hərbi formada Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi.

Müalicə olunan hərbçilərlə görüş zamanı şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı bütün tədbirlərin görüləcəyi, şəhid ailələrinin evlərlə təmin ediləcəyi bir daha qeyd olunub.



Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Azvision.az-a açıqlamasında bildirib ki, artıq Vətən Müharibəsi başa çatıb və Azərbaycan Ermənistan üzərində tam qələbə qazanıb.

Onun sözlərinə görə, torpaqlarımızın işğal altında qalan hissələri işğaldan azad olunur, Azərbaycanın ərazi bütövlüyü təmin edilir.

"Burada ən həssas təbəqə döyüşlərdə şəhid olan hərbçilərin ailələri və yaralanan hərbçilərdir. Cənab Prezidentin həm müharibə dövrü, həm də müharibə bitəndən sonra bu kateqoriyadan olan insanlarla görüşü cəmiyyətin diqqətini cəlb etdi. Bu görüşdə dövlət başçısı ilə yanaşı Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edirdi. Hamının bildiyi kimi, Azərbaycanda humanitar məsələlər şəxsən Mehriban xanımın nəzarətindədir. Bu, onu göstərir ki, dövlət qələbənin qazanılmasında xüsusi xidməti olan insanların müharibədən sonrakı taleyini ciddi nəzarətə götürüb. Cənab Prezident çıxışı zamanı qeyd etdi ki, sizin məsələlərinizin həlli mənim şəxsi nəzarətimdə olacaq. Prezidentin müharibənin nəticələri ilə bağlı hesabat verməsi, atəşkəs haqqında sazişin imzalanmasının təfərrüatları, Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunması ilə bağlı onlar qarşısında hesabatı eyni zamanda cəmiyyət qarşısında hesabat kimi qəbul edilə bilər. Sonrakı inkişafla bağlı Prezidentin nəzərdə tutduğu addımları barəsində geniş məlumat verildi. Şəhid ailələri və yaralı hərbçilərimizlə bağlı dövlət başçısının dedikləri sadəcə gələcəyə bağlı proqram deyildi, bu gün həll edilir. Həmin şəxslərin müalicə olunması, şəhid ailələrinə xüsusi diqqət gözümüzün qarşısında baş verən məsələlərdir. Bu, gələcəyin məsələsi deyil, indinin özündə də həyata keçirilir. Prezidentin yaralı hərbçilərin müalicə, daha sonra işlə təmin olunması, həm şəhid ailələrinin, həm də yaralıların mənzillə təmin ediləcəkləri ilə bağlı dedikləri cəmiyyətimiz tərəfindən çox razılıqla qarşılandı. Məhz bu kateqoriya insanlar ilk növbədə müharibədə qələbə qazanmağımızın səbəbkarı oldular. Bu məsələdə mütləq dövlətin üzərinə götürdüyü öhdəliklər yüksək səviyyədə həyata keçiriləcək".

Deputat bildirib ki, müharibədə iştirak edən şəxslərin hər biri gələcəkdə dövlətin sosial proqramlarında yer tutacaq.

"Cənab Prezident tamamilə düzgün olaraq bildirdi ki, siyahılar dəqiqləşdiriləcək. Müharibə başa çatsa da, döyüş səngərlərində, işğaldan azad ediləcək 3 rayonun Azərbaycanın nəzarətinə keçməsi prosesində iştirak hələ də davam edir. Bu kateqoriyadan olanların dairəsinin müəyyənləşdirilməsi, onların xüsusi nəzarətə keçirilməsi dövlətimizin humanist xarakterinin, dövlət qarşısında xidməti olan hər bir kəsə xüsusi diqqət edilməsi nəzərəçarpandır. Prezident İlham Əliyevin bəyanatları bu kateqoriyadan olan insanların problemlərinin yüksək səviyyədə həll ediləcəyini göstərir".



A.Mirzəzadə onu da qeyd edib ki, vətəndaşlarımızın işğaldan azad olunan zonalara qaytarılması üçün böyük işlər görülür:

"Minalardan təmizləmə işləri, kommunikasiyanın qurulması, sonradan insanlarımızın rayonlara köçürülməsi sürətlə gedəcək. Hər kəsin görə biləcəyi proses olacaq. Bu proses çox sayda yeni iş yerlərinin yaradılmasına da kömək edəcək. İşğaldan azad olunan zonanın abadlaşdırılacağına, müasir tələblərə cavab verən ərazi olacağına heç kimdə şübhə yoxdur. Azərbaycanın nəzarətində olan ərazilərdə kommunikasiyaların bərpası, şəhərlərin abadlaşdırılması, infrastrukturun yaradılması dünya tələblərinə cavab verir. Videogörüntülərdə Ermənistan hərbçiləri tərəfindən işğaldan azad etdiyimiz ərazilərin viran, talan edilməsinin şahidi olduq. İnsanların orada rahatçılıqla yaşa biləcəyi bütün arzu və tələbləri həyata keçəcək. Prezidentimiz cəmiyyət qarşısında çıxışlarında həmişə kifayət qədər açıqdır, verdiyi sözləri hər zaman yerinə yetirir və Azərbaycan xalqı Prezidentin timsalında dövlətimizin gücünü, qüdrətini və gələcəyə olan inamını görür".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Hərbçi   Şəhid-ailəsi  





Xəbər lenti