Rəsmi Bakı Kanadanın XİN rəhbərinə cavab verdi

  12 Noyabr 2020    Oxunub : 1312
 Rəsmi Bakı Kanadanın XİN rəhbərinə cavab verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Kanada xarici işlər nazirinin 11 noyabr tarixli bəyanatına dair açıqlama yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən Azvision.az-a daxil olan açıqlamada deyilir:

“Kanadanın xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanadanın xarici işlər naziri görünür indi münaqişə ilə məşğul olmağa başlayıb.

Xatırladırıq ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı birgə bəyanat noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan bu razılaşma hazırda həyata keçirilməkdədir.

Heç bir dövlət, xüsusilə də ərazidən çox uzaqda yerləşənlər bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında region ölkələrindən daha çox maraqlı ola bilməz.

Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüquq prinsiplərinin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun davranmalı və bu ruhda bəyanatlarla çıxış etməlidir. Bunun əksi münaqişənin siyasi həllinə və beləliklə də bölgədə sülhün bərqərar olmasına zərər verməkdən başqa bir şey deyildir”.

Azvision.az

Teqlər: XİN   Kanada