“Türkiyənin ortaq mərkəzdə yer alması bizim üçün avantajdır”- Politoloq

“Türkiyənin ortaq mərkəzdə yer alması bizim üçün avantajdır”-  Politoloq
  12 Noyabr 2020    Oxunub:4787
Ötən gün Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb. Memorandumu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu imzalayıblar.
Qarabağ bölgəsində atəşkəsin və sabitliyin qorunmasında önəmli addım atıldığını vurğulayan H.Akar anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzu edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da memorandumla bağlı danışaraq deyib ki, mərkəz tərəfindən atəşkəsi pozan tərəf müəyyən ediləcək və ona qarşı cəza tədbirləri tətbiq olunacaq. Çavuşoğlunun sözlərinə görə, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu elə olacaq:

“Sadəcə bir mərkəz olmayacaq, şöbələr də fəaliyyət göstərəcək. Detallar sabah müəyyən edildikdən sonra bu barədə məlumat veriləcək”. Çavuşoğlu əlavə edib ki, mərkəz Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmanın 5-ci bəndinə əsasən qurulur. XİN rəhbərinin sözlərinə görə, mərkəz müzakirələrdən sonra Azərbaycanın istədiyi ərazidə olacaq.

Məsələni Azvision.az şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Ermənistanın kapitulyasiyası ilə nəticələnən Qarabağ müharibəsinin yekunlaşması Azərbaycanın böyük uğuru sayılmalıdır. Politoloq məlum mərkəzə Türkiyənin cəlb edilməsini müsbət amil kimi dəyərləndirib:

“Necə ki, Türkiyənin müharibənin ilk günündən Azərbaycana hərtərəfli dəstəyi oldu, eləcə də bundan sonrakı proseslərdə Ankaranın rəsmi Bakının yanında olması vacibdir. İndiki halda belə bir mərkəzin yaradılması və qardaş ölkənin bura cəlb edilməsi mühüm amildir. Dağlıq Qarabağda və ümumən Qarabağ torpaqlarında türklərin olması çox önəmlidir. Düzü, mən daha çox istəyərdim ki, rus sülhməramlılarının yerləşdirildiyi şəkildə və sayda türk hərbçiləri də Azərbaycana gətirilsin. Amma hələ ki, bu məsələlər bir qədər mübahisəli qalıb”.



Politoloq vurğulayıb ki, artıq Şuşa, Laçın və Kəlbəcərdə Azərbaycan bayrağı qaldırılır, rəsmən bu torpaqlar bizim nəzarətimizə keçir:

“Ona görə də türk hərbçilərinin sülhyaratma işlərinə cəlb edilməsi problemli məsələ olmamalıdır. Düzdür, artıq türk rəsmilər də bəyan ediblər ki, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nə olacaqsa, Türkiyənin də rolu elə olacaq. Amma nə qədər bu hərbi məsələlər tez reallaşdırılsa, o qədər yaxşıdır. Çünki cəmiyətdə bir qədər anlaşılmaz sullar yaranır. Əlbəttə, məlum bəyanatın yüzdə doxsan beşi bizim xeyrimizədir. Sadəcə olaraq hazırda yalnız rus hərbi birləşmələrinin bölgəyə gətirilməsi bir qədər suallar yaradıb. Düzdür, sülhməramlıların sayı çox deyil. Amma hələ də bəzi məsələlər açıq qalıb. Amma biz o halda tam rahat olacağıq ki, türk əsgərlərinin ruslarla eyni funksiyaları reallaşdıracağını müşahidə edək. Hələlik hər şey buna doğru gedir”.

Elxan Şahinoğlunun fikrincə, Şuşa, Kəlbəcər və Laçında Azərbaycanın güclü hərbi qarnizonları formalaşdırılmalıdır ki, gələcəkdə Azərbaycan yenidən hansısa separatçılığın yaratdığı problemlərdən əziyyət çəkməsin: “Tarix bizə artıq bir sıra məsələləri dərs kimi göstərib. Üç dəfə torpağımızda gəzən ermənilərin xəyanətini görümüşük. 1905, 18 və 88-ci illəri acı tarixi yaşamışıq. Artıq dördüncü xəyanətdən özümüzü sığortalamalıyıq. Bu mənada yalnız hərbi qarnizonlarımızı gücləndirməklə yox, həm də Türkiyə amilindən var gücümüzlə yararlanmaq gələcək problemlərdən sığortalanmalııq. Qısası, indiki halda koordinasiya mərkəzində təmsil olunacaq türk hərbçilərinin ruslarla eyni funksiyanı yerinə yetirəcəkləri ilə bağlı məlumat bizi sevindirir. Necə ki, Suriya ərazisində koordinasiya mərkəzində Rusiya ilə birgə hərəkət edirlər, Dağlıq Qarabağda da elə olacaq. Yəni bundan sonra o torpaqlarda koordinasiya olunmuş şəkildə hərəkət edəcəklər. Türkiyə sülhməramlıları da mütləq bu ərazilərdə olmalıdır. Bir müddət gözləməliyik ki, hadisələr necə inkişaf edəcək, sonrakı mərhələdə hansı proseslər cərəyan edəcək. Hazırda heç kim deyə bilməz ki, hadisələr necə inkişaf edəcək, Türkiyənin regionda varlığı hansı formada özünü göstərəcək. Ona görə də hələlik koordinasiya mərkəzi bizim üçün avantajdır”.

Xatırladaq ki, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılır. Mərkəzin yaradılması ilə bağlı müddəa Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatında yer alıb.

Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq.

Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Türkiyə   sülhməramlı  





Xəbər lenti