“25 min əsgəri itirmək təhlükəsi ilə üz-üzə qaldıq” - Paşinyan

“25 min əsgəri itirmək təhlükəsi ilə üz-üzə qaldıq” -  Paşinyan
  12 Noyabr 2020    Oxunub:4706
Ermənistan 20 mindən çox hərbçisini itirmək təhlükəsi ilə üz-üzə idi.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı deyib. O bildirib ki, Ermənistan və xalqı çox çətin günlər yaşayır. İnsanların qəlbində kədər, gözlərində yaş var.

"27 sentyabrda müharibə başladı, sənədin imzalanması ilə nəticələndi, bu da xalqın məyusluğuna və cavabı məndən gözlənilən bir çox suala səbəb oldu. Sənəd niyə imzalanmışdı? Bu, Baş Qərargahın hər dəqiqənin çox vacib olduğunu, əməliyyatların dayandırılmasının lazımlılığı ilə bağlı məruzəsindən sonra baş verdi.

Xankəndini itirmək təhlükəsi var idi. Bir çox insan deyir ki, Hadrut, Şuşa itirilibsə, bunun nə fərqi var? Xankəndi də məğlub ola bilərdi.

Əslində Xankəndinin itirilməsi Əsgəran və Xocavəndin də itirilməsinə səbəb olardı. Müharibənin ilk günlərində bu şəhərlər arxada idi və buna görə müdafiə istehkamları yox idi. Həm də şəhərləri müdafiə edəcək qədər döyüşə hazır qüvvə yox idi.

Bu şəhərlərin itirilməsi ilə müdafiə sahələrimiz düşmən tərəfindən mühasirəyə alınacaqdı. 20 mindən çox əsgər və zabit ölüm və ya əsir götürülmə ehtimalı ilə üz-üzə qalacaqdı. Laçın və Kəlbəcərin süqutu qaçılmaz olacaqdı".

Paşinyan əlavə edib ki, komandirin vacib funksiyası əsgər qarşısında vəzifə qoymaqdır. Ancaq bir əsgər sonrakı hadisələrə heç bir şəkildə təsir göstərə bilməyəndə, problemi həll edə bilmədikdə və sadəcə ölüm təhlükəsi olduqda, vətən əsgərlərin həyatı üçün fədakarlıq etməlidir: "Bu səbəbdən kədərli razılaşmanı imzaladım. Karyeram və həyatım əvəzinə 25 min əsgərin həyatını seçdim".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti