Maksimalizim sonda faciə və daha böyük itikiyə gətirir

   Maksimalizim sonda faciə və daha böyük itikiyə gətirir
  12 Noyabr 2020    Oxunub:9746
Sahib Məmmədov

Ermənistan müttəfiqlərinin köməyilə Azərbaycanın 20% ərazisini işğal edərək, etnik təmizləmə aparmış, özlərinin yaşamadığı bütün şəhər, qəsəbə və kəndlərini xaraba qoymuşdu. 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazisində elə bir reallıq formalaşmışdı ki, Ermənilər nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisini, onun ərtafında olan 7 rayonumuzu da geri qaytarmaq barədə düşünmürdülər.
Həmin ərazilərdə toponomiyanı, coğrafi adları da dəyişərək, yeni torpaqlara idda edirdilər. Xəyallarındakı Naxçıvanın, Gəncənin işğalı kimi sərsəm fikirləri dilə gətirməyə başlamışdılar. Vasitəçi adlanan üçlüyün təklifi isə havadan asılı qalmışdı. Bu təklif nədən ibarət idi? Ermənistan əvvəlcə işğal olunmuş beş rayonu, sonra daha iki rayonu qaytarırdı, Amma Laçın rayonu ilə bağlı məsələ tam məlum deyildi. Yəni rayonu bütöv qaytarmaqdan söhbət belə getmirdi, “koridor” adlanan ərazi və onun ətrafında da təhlükəsizlik zolağı nəzərdə tutulurdu. Dağlıq Qarabağa ən yüksək status təklif olunurdu. Öz bayrağı, öz parlamenti və konstitusiyası. Şuşa şəhəri və rayonu məsələsi də status müzakirəsinin predmeti idi. Yəni Şuşanın taleyi qaranlıq idi. Ermənistan 1994-cü ildən bu yana 26 il bu təklifi qəbul etmədi. Maksimalizm nümayiş etdirdi və bu gün nəticə onlar üçün faciəvidir. Regionda yaranmış reallıqdan istifadə etmədilər və buna görə də biabırçılıqla uduzdular.

27 sentyabrda başladığımız əks-hücüm və onun genişlənərək, Azadlıq və Vətən Müharibəsinə çevrilməsi əvvəlki reallığı dəyişdi. Tam fərqli şərait yaranıb. İki ay əvvəl xəyal belə edə bilmədiklərimiz bu gün gerçəklikdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin yaratdığı yeni reallıq bütün aspektlər üzrə bizim xeyrimizədir. Azərbaycanın mədəni paytaxtı Şuşanı Müzəffər Ordumuz azad edib. 20% işğal olumuş ərazilərin əksəriyyətinə indi biz nəzarət edirik. Erməni hərb maşını sındırılıb, Ermənistan məğlub olub. Amma indi də bizdəki maksimalistlər ortaya düşüblər.

Maksimalistləri 3 qrupa bölərdim. Birinci qrup dünyada gedən qlobal prosesləri, beynəlxalq münasibətlərdə mövcud olan reallıqları, beynəlxalq hüquqda güc amilinin hüququ və beynəlxalq ənənələri üstələdiyi bir dövrdə olduğumuzu axıra qədər anlamırlar və bu, başa düşüləndir. Hərənin öz bildiyi sahə var.

İkinci qrup reallıqları anlasa belə, onunla barışmaq istəməyən destruktiv olmayan insanlardır.

Üçüncü qrup isə o qüvvələrdir ki, illərdir Azərbaycan dövlətinin sarsılması, parçalanması, ölkənin xaosa sürüklənməsi üçün düşmənlərlə birləşib, əllərindən gələn bütün xəyanətləri edirlər.

Bu qüvvələrin müharibə dövründə saxta bəyanatlarının arxasında işğal olunmuş ərazilərin qaytarılması istəyi yox, müharibənin genişlənməsi və beynəlmiləlləşməsi idi. Ümid edirdilər ki, bağlı olduqları qüvvə Azərbaycanın genişlənməkdə olan əks hücumlarına və qələbələrinə dözməyəcək və ölkəyə qarşı açıq müdaxiləyə başlayacaqlar. Marionetlərin son ümidi bu idi ki, Azərbaycan müstəqilliyini itirəcək, parçalanacaq və onlar da parçalanmış və formal müstəqil Azərbaycanın rəhbərliyinə gələcəklər. Ordumuzun silahla təhcizatında əsas maliyyə mənbəyi olan neftin qiymətinin enməsini toy-bayram edənlər, separatçı xainlərlə hərtərəfli əməkdaşlıq quran, Paşıyan rejimini demokratik idarəetmə sayan qüvvələrdən başqa nə gözləməli idik ki?

44 gün ərzində əldə etdiklərimiz xəyallarımızda canlandırmağa belə cürət etmədiyimiz möcüzəni reallığa çevirdi. Mən də maksimum nəticə arzu edirdim. Amma bu, sadəcə arzu idi. Hər qələbə xəbərini aldıqca sevinclə yanaşı narahatlığım da artırdı. Gündən-günə artan beynəlxalq təzyiq göz önündə idi.

Mənim həyatımın 28 ili SSRİ dövlətində keçib. Mən bu dövlətin nəyə qadir olduğunu bilirdim. Beynəlmiləl borc adlandırdıqları hərbi əməliyyatları ilə suveren dövlətlərə müdaxilələri barədə nəinki məlumatlıyam, həm də onun iştirakçısıyam. Müddətli hərbi xidmətim dövründə Sakit Okean Donamasının 17-ci operativ eskadrasının tərkibində Cənub-Şərqi Asiya, Hind Okeanı, Qırmızı və Aralıq Dənizi hövzələrində, Şərqi Avropada “beynəlmiləl borc” adlanan, əslində isə dövlətlərin süvrenliyi əleyhinə yönələn proseslərdə hərbiçi kimi iştirak etmişəm. İndi o dövlətin varisi Rusiyadır.

Biz harada və necə dayanmaq lazım idisə, orada dayandıq. Qoyduğumuz tələb yerinə yetiriləndən sonra, şərəflə, qalib olaraq dayandıq. Yersiz maksimalizmə qapanıb, döyüşləri davam etdirsəydik, qarşımızda artıq Ermənstan ordusu olmayacaqdı, həm də ona görə ki, artıq bu ordu yoxdur. Onu bizim Şanlı Ordumuz darmadağın edib.

Gözləmədiyimiz, amma arzu etdiyimiz arzularımız gerçəkləşib. Nə qədər igidin qanı, itkilər hesabına. Bu qələbəyə sevinməyən və illərdir anti-Azərbaycan mövqeyində olanlara isə bir məsləhət. Gedin, əvvəlki işinizlə məşğul olun. Siyahı tutun, “Human Rights Watch”, “Amnesty İnternational” və s. təşkilatlara saxta hesabatlarınızı hazırlayın. Erməni lobbisinin maliyyələşdirdiyi Azərbaycana qarşı informasiya müharibənizi davam etdirin. Amma bilin ki, sizlər heç erməninin də etimadını doğrulda bilmədiniz. Bəlkə də pulunuzu kəsiblər artıq. Ona görə qəzəbiniz daha da çoxalıb. Bu arada ailədə “sülh quşu”, “hücum qırğısı” bölgüsü aparanlar isə sussalar daha yaxşı olar. Amma susmayacaqlar. Susmayın. Sizlərə qulaq asanlar olacaqmı?





Teqlər: Qarabağ  





Xəbər lenti