Fransa və Kanada Ermənistandan heç nə ilə fərqlənmədi - ŞƏRH

 Fransa və Kanada Ermənistandan heç nə ilə fərqlənmədi -   ŞƏRH
  12 Noyabr 2020    Oxunub:2876
Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq özünün qanuni sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etməsi bir sıra ölkələrdə narahatlıq yaratdı. Hələ müharibənin ilk günlərindən ermənipərəst mövqeyi ilə seçilən dövlətlər Azərbaycanı separatçı rejimə və ümumilikdə müharibədə tərəf kimi çıxış edən Ermənistana güc tətbiq etməməyə çağırırdı.
Hətta Fransa kimi dövlət ordumuzun uğurlarına ləkə gətirmək üçün guya döyüş bölgəsinə hansısa muzdluların cəlb olunması barədə iddia ortaya atmışdı. Özünü "demokratiyanın beşiyi" hesab edən Fransa müharibəni ədalətli nəticəylə yekunlaşdıran Bakıdan yenə əl çəkmədi və ermənipərəst mövqeyini nümayiş etdirdi.

Fransa XİN-in münaqişənin həlli ilə bağlı yaydığı qərəzli bəyanata Azərbaycan XİN dərhal reaksiya verib. XİN-nin yaydığı məlumatda deyilir ki, Fransanın Avropa və Xarici İşlər üzrə naziri J. İ. Lö Drianın bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır. Qeyd edilir ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransa Xarici İşlər nazirinin digər həmsədr ölkələri adından çıxış etmək səlahiyyəti yoxdur.

“Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir”-deyə açıqlamada bildirilir.

Fransa ilə yanaşı Kanada da oxşar bəyaatda çıxış edərək Azərbaycanın tarixi qələbəsini həzm edə bilmədiyini göstərdi.

Politoloq Qabil Hüseynli Azvision.az-a deyib ki, anti-Azərbaycan mövqeyi ilə seçilən Fransaya Kanadanın da qoşulması təəssüf doğuran haldır:

“Fransa bir daha sübut etdi ki, bu illər ərzində nə Minsk Qrupunda həmsədr olmağa layiq imiş, nə də demokratik və hüquqi dövlət kimi dəyərləndirilməyə. Təəssüf ki, Fransa son zamanlarda Kanadanı da özünə tay edə bildi. Həqiqətən prosesləri dərindən izlədikdə heyrətlənməyə bilmirsən. Daim insan haqlarından, ədalətdən dəm vuran bu ölkələr aşkar şəkildə işğalçının tərəfini saxladılar, ermənipərəst mövqe sərgilədilər”.

Politoloqun sözlərinə görə, burada yalnız siyasi maraqlar deyil, xristian təəssübkeşliyi də öz sözünü deyir: “Axı nə baş verdi ki, bir dövlətin özünün ərazi bütövlüyünü bərpasından sonra belə anormal bəyanat yaydınız, anti-Azərbaycan mövqe sərgilədiniz? Ermənistan nəinki Dağlıq Qarabağı, heç vaxt erməninin yaşamadığı ətraf rayonları işğal edəndə ağzınıza su alıb durmuşdunuz. İndi erməni “dərdi çəkənlər” 30 il ərzində harada idi ki, 1 milyon qaçqın və köçkünün qanuni evinə qayıtmasını təmin etmirdi. Bu, bir reallıq və tarixi faktdır ki, bizim indiki hərbi əməliyatlardan fərqli olaraq erməni xalqı 90-cı illərdə bir neçə dəfə böyük qırğın törətməklə, yerli sakinlərə soyqırımı yaşatmaqla etnik təmizləmə həyata keçirdi. Biz nə onda bu iki “demokratik” dövlətin səsini duyduq, nə də son müharibədə. Çünki erməni vəhşiliyi, hərbi cinayətləri İkinci Qarabağ savaşında da yaşandı”.

Qabil Hüseynli əsl qınanmalı ölkənin Ermənistan olduğunu deyərək ötən ay Azərbacanda yaşanan faciəvi hadisələri xatırladıb:

“Bəs Fransa, Kanada Bərdə, Gəncə, Tərtər faciələri zamanı harada idi? Onların XİN-i niyə etiraz bəyanatı yaymırdı ki, şəhərin mərkəzinə, dinc əhaliyə qadağan olunmuş raket atmaq olmaz? Bütün bu sualların bir cavabı var, bu da anti-Azərbaycan mövqedir. Azərbaycan Ordusu ermənilərdən fərqli olaraq hərbi cinayətlərlə yox, işğalçılarla döyüşə-döyüşə, torpaqlarını azad etdi.

Bir daha deyirəm ki, biz qadağan olunmuş silahlardan atəş açmaqla dinc əhalini qırmadıq ki, indi hədəfə alınaq. Biz başqasının torpaqlarına girmədik, öz tarixi qanuni ərazilərimizi qaytardıq. Kanada və Fransa üçün hədəfə alınası ölkə Ermənistanda olmalıdır. Qadağan edilmiş silahlardan istifadə etməklə beynəlxalq cinayətlər törətdilər. Bütün bunları görməyən dövlət normal dövlət deyil. Belə ölkənin siyasi sistemi normal qurulmayıb. Əgər həmin ölkələrin insanları da öz rəhbərlərinin kor siyasətini dəstəkləyirlərsə, onlar da normal düşüncə sahib deyillər. Hazırda bu ölkələrin, belə cəmiyyətlərin danışmağa, kimisə ittiham etməyə zərrə qədər mənəvi haqqı yoxdur. Çünki onların arqumentləri nə beynəlxalq hüquqa söykənir, nə də BMT-nin qətnamələrinə uyğundur. Ona görə də Fransa kimi ölkələrin davranışları hiddətlə qınanmalıdır və bu əməllərin başında Makronun səfeh siyasətinin dayandığını göstərmək lazımdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Kanada   XİN  





Xəbər lenti