“Fransa Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir”

“Fransa Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir”
  13 Noyabr 2020    Oxunub:1583
“Uzun illər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə “məşğul” olmuş üç həmsədr dövlətdən biri olan Fransa açıq şəkildə ermənipərəst mövqe sərgiləyir”.
Bunu Azvision.az açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib. Onun sözlərinə görə, Qarabağ müharibəsinin bitməsini rəsmiləşdirən məlum bəyanatın imzalanması, Ermənistanın kapitulyasiyasını göstərən sənədlə bağlı yersiz, əsassız şərhlər olur:

“Təəsüflər olsun ki, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti arasında imzalanmış bəyanatı anti-azərbaycançılığı təbliq edən, zəfərimizə sevinməyən bəzi qüvvələr yanlış və qərəzli şərh edərək, şanlı qələbəmizi ört-bastır etmək istədilər. Lakin onlar anlamırlar ki, Vətən müharibəsi Azərbaycanda mövcud olan iqtidar-xalq birliyini bir daha möhkəmləndirdi və heç bir əsası olmayan qərəzli yanaşma xalqı bu şərəfli qələbədən yayındıra bilməz. Bütün dünya gördü ki, imzalanmış mövcud bəyanat, Azərbaycanın qazandığı hərbi və diplomatik zəfəri, Ermənistanın isə kapitulasiyasını təsdiqləyir”.

Deputat deyir ki, illərdir Azərbaycanı pisləməklə, uğurlarını qaralamaqla məşğul olan mərkəzlər və dövlətlər ərazi bütövlüyümüzü bərpa etməyimizi və bu qələbəmizi həzm edə bilmirlər: “44 gün ərzində Azərbaycan ordusunun, dövlətin və ümumilikdə xalqın qarşısında aciz durumda qalan düşmən bu kapitulasiyanı imzalamağa məcbur edildi. 30 ildir danışıqlar prosesini destruktivləşdirən, bir çox dövlətin dəstəyi ilə status-kvonu öz xeyrinə saxlamağı xəyal edən Ermənistan, Azərbaycan ilə döyüş meydanında tək qalan kimi sülhdən danışmağa başladı. Maraqlıdır, bəs 30 il öncə dinc əhalinin başına min oyun açanda, onları öz doğma yurdlarından didərgin salanda, Xocalıda qətliam törədəndə niyə yadlarına sülh gəlmirdi?

Bu müharibə həmçinin bizə kimin dost, kimin yad olduğunu göstərdi. Uzun illər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə “məşğul” olmuş üç həmsədr dövlətdən biri olan Fransa açıq şəkildə ermənipərəst mövqe sərgiləyir. Rəsmi Paris özünün də səs verdiyi BMT-nin məlum qətnamələrinə zidd gedərək işğalçını dəstəklədi. Deyəsən Fransa höküməti 1919-cu ildə Paris Sülh Konfransında təstiq etdiyi, Qarabağın və Zəngəzurun da daxil olduğu Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini unudub. Fransa özünü elə aparır ki, sanki özü separatçı meyllərdən uzun illər əziyyət çəkməyib, öz ərazilərini terrorçulardan, işğalçılardan təmizləməyib”.

Jalə Əhmədova bildirib ki, bəyanatın müddəalarına diqqətlə nəzər yetirəndə aydın şəkildə görünür ki, Qarabağ bütövlüklə Azərbaycan yurisdiksiyasındadır və orada yalnız Azərbaycan qanunları işləyəcək:

“Bundan əlavə, Ermənistan Silahlı Qüvvələri Ağdam, Kəlbəcər və Laçın rayonlarını qeyd-şərtsiz azad edir, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında isə birləşdirici koridor bərpa edilir. Bütün bunlar cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı və rəşadətli Azərbaycan Ordusunun sayəsində həyata keçdi. Qısası artıq yalnız işğalçılar və onların havadarları deyil, hər kəs Azərbaycanın gücünü gördü!”

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Ermənipərəst   Qarabağ   Deputat  





Xəbər lenti