Əhali ərzağa 17 milyard manat xərcləyib

   Əhali ərzağa 17 milyard manat xərcləyib
  13 Noyabr 2020    Oxunub:2401
Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 mlrd 663,2 mln manatlıq, o cümlədən 17 mlrd 034,5 mln manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 mlrd 628,7 mln manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 %, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 % azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3 % artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 %i ərzaq məhsullarının, 5,1 %-i içkilər və tütün məmulatlarının, 16,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i elektrik malları və mebellərin, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 1,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 %-i ticarət müəssisələri, 52,9 %-i fərdi sahibkarlar tərəfindən, 24 %i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 %, fərdi sahibkarlar üzrə 3,8 % artmış, bazar və yarmarkalarda isə 17,5 % azalmıb.

2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.

Azvision.az



Teqlər: Ərzaq  





Xəbər lenti