“Paşinyanın qurduğu diktaturanın arxasında Qərb dayanır” - Politoloq rəyi

“Paşinyanın qurduğu diktaturanın arxasında Qərb dayanır” -  Politoloq rəyi
  13 Noyabr 2020    Oxunub:1974
Ermənistanın kapitulyasiyası ilə nəticələnən Qarabağ müharibəsi sona çatsa da, İrəvanda gərginlik səngimək bilmir. Meydanlara axışan erməni xalqı baş nazir Nikol Paşinyanı səbatsızlıqda, xəyanətdə suçlayır, onun tezliklə istefa verməsini tələb edir. Nikol isə diktatorlara xas şəkildə davranaraq nəinki sadə ermənilərə etiraz aksiyası keçirməyə imkan vermir, hətta ölkədə olan bir çox siyasi partiya rəhbərlərini belə həbsə atdırır.
Maraqlıdır ki, beynəlxalq təşkilatlar və demokratik dəyərlərdən dəm vuran ölkələr nə ermənilərin azad toplaşmaq haqlarının əlindən alınmasına reaksiya verir, nə də ölkəni bürüyən həbs dalğasına münasibət açıqlayır.

Görünən odur ki, saqqallı baş nazir artıq öz xalqı qarşısında yalnız məğlub “lider” kimi deyil, həm də diktator, oturduğu kürsüdən qalxmaq istəməyən biri kimi çağırılır.

Ermənistanın hazırkı durumunu, Paşinyanın diktat rejiminə keçməsini Azvision.az -a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Nikol üçün çətin günlər hələ qarşıdadır. O, iki gücün Ermənistanda öz adamını hakimiyyətə gətirməyə çalışdığını bildirib:

“Paşinyan artıq tarixdə və xalqın yaddaşında məğlub rəhbər kimi qalacaq. Amma o hələlik hakimiyyəti təhvil verməyi düşünmür. Çünki Nikolun əlində hələ də güc strukturları və müəyən resurslar var. Ən əsası bu ağır günlərdə ona dəstək verən xarici qüvvələr mövcuddur. Xüsusən də, Qərbdəki liderlər və ölkələr, müəyyən siyasi qüvvələr Paşinyanın arxasında dayandıqlarını gizlətmirlər. Təbii ki, bu hərtərəfli dəstəyin önündə gedən ölkələrdən biri Fransadır. ABŞ-dakı diaspor onun müəyyən fəaliyyətlərinə tənqidi yanaşsa da, inqilabla hakimiyyətə gəlmiş rejimə dəstəyini əsirgəmir. Bəlli qüvvələr görürlər ki, vəziyyət bir qədər də ağırlaşsa və Paşinyan gəldiyi kimi hakimiyyətdən getsə, burada ən çox qazanan Rusiya olacaq. Ruspərəst qüvvələr, Rusiyada olan diasporun adamları hakimiyyətə nəzarəti ələ alacaqlar. Bu isə xaricdə yaşayan erməniləri, erməni diasporalarını, xüsusən də ABŞ-da olan erməni diasporunu qane etmir.

Ona görə də indi sanki iki güc arasında mübarizə gedir. Bu mübarizədə Qərbdə olan güclü diasporlar Paşinyana müəyyən dərəcədə sərf edən gedişlər edirlər. Rusiya diasporu isə keçmiş hakimiyyət - "Qarabağ klanı"na və onun ətrafında birləşən siyasi qüvvələrə dəstək nümayiş etdirməyə çalışır. Bu səbəbdən indiki proseslər artıq yalnız Ermənistanın daxilində gedən mübarizə halını almayıb. Bunu diasporların “müharibəsi”, onların arxasında duran siyasi qüvvələrin mübarizəsi kimi də qiymətləndirmək olar”.



Politoloqun fikrincə, artıq Paşinyan şərti fiqura çevrilib. Əslində xalqın gözündən düşən baş nazirin fəaliyyəti Qərbdəki gücləri, erməni diasporunu qane etmir. Amma ortada normal, alternativ fiqur da yoxdur ki, onunla əvəzləyələr:

“Hazırda hakimiyyəti təmsil edən yalnız bu uğursuz adamdır və o da Qərbin maraqlarını ifadə etməklə fəaliyyətini davam etdirəcək. Bu mənada Paşinyan artıq xalqın gözündə diktator hərəkətləri ilə görünsə də, Qərbdə onu dəstəkləmək məcburiyyətində qalıblar. Ermənistanda yaranmış bu mənzərənin fonunda kim daha güclü olacaqsa, hansı qüvvə təsirini daha çox göstərəcəksə, o da qalib gələcək”.

Hazırda acı bir reallığı müşahidə etdiyimizi deyən İlqar Vəlizadə ölkədəki etiraz dalğasını güc yoluyla yatıran Paşinyana heç bir iradın bildirilməməsini anormal hal kimi qiymətləndirib:

“Baş nazir bütün əsas müxalif partiyaların rəhbərlərini, funksionerlərini, meydanlarda olan ictimai fəalları həbs etdirdi. Hansısa Qərb ölkəsinin bu proseslərə reaksiyasını, etirazını gördünüzmü? Kimsə çıxıb bəyanat verdimi ki, Ermənistanda demokratik dəyərləri ayaq altına atmaq olmaz və s. Heç bir demokratik təsisat, təşkilat və ya ölkə rəhbəri Paşinyana qarşı çıxışlar etmədi. Ona görə də, bir daha əvvəlki fikrimə qayıtmaq istərdim ki, Nikolun keçmişdəki fəaliyyətinin və diktatura rejiminin arxasında Qərb dayanır. Hətta Qərbdəki dairələr belə bir xaotik durumda baş nazirə siyasi dəstəklərini susmaqla nümayiş etdirdilər. Düzdür, ermənilər bütövlükdə cəmiyyət olaraq daxili problemlərin içində boğulacaqlar. Yaxın günlərdə hələ bir-birini çox didəcəklər…

Faktiki olaraq proseslər onu göstərdi ki, artıq Ermənistandakı qarışıq siyasi meydan müxtəlif qütblərin münasibətlərinin çözülməsi meydanına çevrilib. Paşinyan qalsa da, getsə də ölkədə heç nə dəyişməyəcək. Mahiyyət etibarı ilə hazırda xalqın acıqlı olduğu adamı kürsüdən aşırmağa cəhdlər edilir və formal bir fiquru hökumət başına gətirməyə çalışırlar. Guya Rusiyameylli olan qüvvələr hakimiyətə yiyələnsə, bu ölkədə nə ciddi dəyişiklik olacaq ki? Resurslar eynidir, iqtisadi-siyasi imkanlar olduğu kimi qalır, münaqişə də artıq bəllidir ki, necə nəticələndi”.

Politoloqun sözlərinə görə, yeni fiqurun gəlməsi mahiyyət etibarı ilə Ermənistanda heç nəyi dəyişməyəcək. Amma yenə də bu məsələlərdə Qərbin münasibəti bizi təəccübləndirdi: “Çünki Azərbaycanda hansısa jurnalistə qarşı kiçik bir təzyiq olanda, yaxud müxalif biri ilə bağlı neqativ proseslər gedəndə Avropa Şurasından tutmuş, elə bir təsisat qalmırdı ki, bizə təzyiqlər göstərməsin, neçə səhifəlik bəyanat yaymasın. Neçə gündür İrəvanda ciddi siyasi proseslər gedir və bu proseslərin fonunda müxalifət liderləri həbs edilir, onlara təzyiqlər göstərilir, amma Qərbin “demokratiya” carçıları hadisələrə qara eynəklə baxırlar. Heç kim demir ki, meydanlara axışan bu qədər etirazçını dinləmək lazımdır, onları polis gücünə dağıtmaq, həbs etmək yox. Bizə çatanda xırda detalda demokratik norma və prinsiplərin pozulması kimi nağıllar danışıldığı halda, nədənsə Ermənistandakı həbslər adi qarşılandı. Bu, ikili standartların daha bir bariz nümunəsi kimi qiymətləndirilməlidir. Biz Qərbdən Ermənistana təzyiq gözlədiyimiz vaxtda, Makrondan Qarabağ məsələsinə dair “ermənilərin maraqlarını təmin etməliyik” kimi cəfəng fikirlər eşidirik. Bəs əsl demokratiya, insan haqları harada qaldı? Yəni hazırda diktator kimi davranan Paşinyana qarşı sərgilənən mövqe bu reallıqlardan ibarətdir və hazırkı situasiya təəssüf doğurur”.

Tural Tağıyev
Azvision.az


Teqlər: İkilistandartlar   Paşinyan   Diktator   Qərb  





Xəbər lenti