Oğlu şəhid olan Xalq artisti: “Döyüşə özüm yola salmışdım”

  13 Noyabr 2020    Oxunub : 49332
    Oğlu şəhid olan Xalq artisti:  “Döyüşə özüm yola salmışdım”
“Oğlum evdə otura bilmirdi. Deyirdi ki, mütləq cəbhəyə getməliyəm. Onu döyüşə özüm yola salmışdım”.
Bunu Azvision.az -a açıqlamasında Şuşa döyüşlərində şəhid olan Baş leytenant Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur deyib.

Tanınmış aktyor oğlunun şəhid olması ilə bağlı bildirib: “Oğlum birinci Qarabağ müharibəsi zamanı 9-cu sinifdə oxuyurdu, döyüşmək üçün Ağdama qaçıb getmişdi. Bir həftədən sonra tanımadığım mayor gətirib oxuduğu 31 nömrəli məktəbə təhvil verdi. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdi. Hərbçi olmaq istəyirdi. Sonra Hərbi Akademiyaya qəbul oldu. Ağdamda yerləşən hərbi hissədə 10 il bölük komandiri işlədi. 10 ildən sonra ehtiyata buraxıldı.

İkinci Qarabağ müharibəsi başlayanda bizdən xəbərsiz müraciət etmişdi. Onu cəbhəyə özüm yola saldım. Evdə otura bilmirdi, deyirdi ki, mütləq döyüşməliyəm. Zəngilanda, Cəbrayılda, Qubadlıda vuruşdu. Axrıncı dəfə noyabrın 2-də danışanda dedi ki, onları Laçına aparırlar. Sən demə, Şuşaya gedirlərmiş. Noyabrın 6-da Şuşa döyüşündə həlak oldu. Oğlumdan bizə iki övladı yadigar qalıb. Mən Rövşənlə fəxr edirəm. Vətənin dar günündə sinəsini qabağa verdi. Onu Bakıda İkinci Fəxri Xiyabanda dəfn ediləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.


(Şəhid baş leytenant Rövşən Nurzadə)

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Şəhid   RövşənNurzadə