Yeni geosiyasi reallıq: Bölgədə nələr dəyişəcək – TƏHLİL

      Yeni geosiyasi reallıq:    Bölgədə nələr dəyişəcək –    TƏHLİL
  14 Noyabr 2020    Oxunub:8523
Azərbaycan, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ ərazisində müharibənin başa çatması ilə bağlı üçtərəfli bəyanatında irəli sürülmüş şərtlər dövlətimizin birmənalı qələbəsini göstərməklə, bölgədə yeni regional və geosiyasi qüvvələr balansını müəyyən etməklə yanaşı, bölgənin liderinə çevrilməyimizi tam təmin edəcək.
Bəyanatda göstərilən şərtlərin təhlilindən ortaya çıxan ilkin qənaət ondan ibarətdir ki, bu müddəalar üzrə Azərbaycan, Rusiya və Türkiyə arasında uzun müddət məsləhətləşmələr aparılıb və bəyanatın mətni heç də bir günə razılaşdırılmayıb.
Cəbhə xəttində müharibənin son günündə baş verən əməliyyatlar, ardınca sülhün əldə olunması hadisələrin heç də tam olaraq proqnozlara uyğun inkişaf etmədiyini və əvvəlcədən razılaşdırılmış plana korrektələrin olunduğunu göstərir. Bu, ilk növbədə Amerikada keçirilən prezident seçkilərində Demokrat partiyasının namizədi Co Baydenin qələbə qazanması ilə bağlıdır.

Belə ki, Rusiya ABŞ-ın hər hansı bəhanə ilə Qafqaz bölgəsində silahlı qüvvələrini yerləşdirməsini qətiyyən istəmir. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də verdiyi geniş müsahibəsində də təsdiqlədi. Rusiyanın ermənipərəst media kapitanları Marqarita Simonyan, Roman Babayan və Vladimir Sunqorkinə verdiyi müsahibədə Lavrov “Türkiyənin regiona müdaxiləsinin Rusiyanın maraqlarına zidd olması” ilə bağlı suala cavab verərkən açıq şəkildə ABŞ-ın regiona müdaxiləsini Moskva üçün daha böyük təhlükə hesab etdiyini dilə gətirdi. Lavrovun bu müsahibəsi “erməninin erməniyə etirafı” idi və Rusiyadakı erməni icmasını Moskva-Ankara əməkdaşlığına dözümlü yanaşmağa hazırlamaq məqsədi daşıyırdı.

Suriyada Rusiya ilə Türkiyənin razılaşdırılmış uğurlu hərbi əməliyyatlar keçirməsi və ABŞ-ın bu prosesə müdaxilə etməməsi, hətta Suriyadakı mövqelərindən geri çəkilməsi Tramp-Putin-Ərdoğan üçlüsünün həmrəy mövqeyindən xəbər verirdi. Lakin Co Baydenlə anoloji həmrəyliyin baş tutmasının sual altında olması, Vaşinqtonun müharibənin getməsindən istifadə edib, regiona hərbi müdaxilə riskini artırırdı. Amerika bunun üçün hüquqi əsas kimi Minsk qrupunun həmsədri olmasını irəli sürə və “münaqişənin tənzilmlənməsi” adı ilə öz sülhməramlılarını bölgəyə yerləşdirə bilərdi.
İlk baxışdan elə görünə bilər ki, Amerikanın regiona hərbi müdaxiləsi yalnız Rusiya ilə İranın maraqlarına ziddir və Azərbaycanla NATO üzvü olan qardaş Türkiyənin proseslərin bu tip inkişafından ehtiyat etmələrinə dəyməz. Ancaq burada söhbət ondan gedir ki, Amerikanın müdaxiləsi Minsk qrupunun digər həmsədri Fransanın regiona soxulmasına əsas yaradırdı ki, Vaşinqton ümumi NATO maraqları üçün buna etiraz etməyəcəkdi. Bu halda isə, ənənəvi Minsk qrupu formatı qüvvədə qalacağı üçün Türkiyənin müdaxilə imkanları zəifləməklə yanaşı, Ankara bu dəfə Fransanı da cilovlamalı olacaqdı.

Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatı ilə Dağlıq Qarabağın statusu məsələsinin ortadan qaldırılması və Azərbaycan ərazilərindən erməni hərbi birləşmələrinin çıxarılması münaqişənin tənzimlənməsi üzrə Minsk qrupu formatının faktiki lazımsızlığını ortaya qoyduğu üçün, hadisələrin qeyd olunan ssenari üzrə inkişafını da mümkünsüz hala gətirdi.

44 gün davam edən müharibənin gedişi ilə bağlı “BBC”nin hərbi ekspertlərin rəyinə əsaslanaraq hazırladığı məqalədə qeyd olunur ki, müharibənin ilk günlərində Azərbaycan tərəfi ciddi müqavimətlə qarşılaşsa da, oktyabrın 9-dan sonra Cəbrayıl rayonu, ardınca isə Hadrut qəsəbəsinin alınması ilə döyüşdə dönüş vəziyyəti yarandı və bununla da ermənilərin ümumi müqaviməti sındırıldı. Məhz bundan sonra Azərbaycan ordusu asanlıqla cənub istiqamətindən irəliməyə nail olaraq, ard-arda rayonları azad etdi.
“Le Monde” qəzetinin Şuşanın azad edilməsi ilə bağlı dərc etdiyi məqalədən isə aydın olur ki, erməni hərbi dəstələri şəhəri azad edən Azərbaycan hərbiçiləri qarşısında ciddi müqavimət göstərə bilməyiblər.

Azərbaycanın qısa müddətdə cənub rayonlarını azad edib, daha sonra sürətlə şimal istiqamətdə irəliləyərək, Qubadlı rayonunu alması da onu göstərir ki, Hadrut qələbəsindən sonra ermənilər ciddi müqavimət göstərmək iqtidarında olmayıblar. Buna baxmayaraq, Qubadlıdan sonra Azərbaycan ordusunun irəliləməsində bir neçə gün fasilə verilməsi güman ki, siyasi səbəblərlə əlaqədardır. Çünki, Rusiya erməni ordusunun məğlubiyyəti və itkiləri fonunda Ermənistanda mövcud hakimiyyətə qarşı narazılığın yaranması və Paşinyanın inqilabla devrilməsində maraqlı idi. Lakin, Ermənistanın baş nazirinin informasiya ilə manipulyasiya etməsi, real itkilər və cəbhədəki vəziyyət barədə erməni ictimayyətindən məlumatların gizlədilməsi, Gəncə və Bərdə rayonlarında dinc əhaliyə qarşı törədilən terror hücumlarının erməni cəmiyyəti üçün cəbhədəki itkilərin əvəzində revanş istəyini qidalandırması, üstəgəl, Paşinyanın çıxışlarında təslim olmayacağını bəyan etməklə hücum ritorikasına üstünlük verməsi Rusiyanın bu planının gerçəkləşməsinə imkan vermirdi.

Baydenin seçilməsindən sonra isə müharibənin uzanması artıq Paşinyan hakimiyyətinin maraqlarına cavab verirdi. Müharibə zonasında havaların get-gedə sərtləşməsi də əməliyyat şəraitini çətinləşdirə və Paşinyana əlavə vaxt qazandıra bilərdi. Məhz bu səbəbdən, güman etmək olar ki, Şuşanın azad olunması və Paşinyanı kapitulyasiyaya məcbur edilməsi qərara alınıb. Azərbaycan qoşunlarının Xankəndinin bir neçə kilometrliyində dayanması və Moskvanın təzyiqi Paşinyanın sülhə imza atmasına məcbur etdi.

Paşinyan anladı ki, Xankədinin alınması onun siyasi həyatının sonu anlamına gəlir və bu ərazilərdə Rusiya sülhməramlılarının nəzarətilə erməni icmasının qalmasına razılığın verilməsi hakimiyyətdə qalmaq üçün daxili auditoriyaya hesablanmış manipulyasiyaların həyata keçirməyə imkan yaradır. Lakin Ermənistanda başlanmış kütləvi etirazların miqyası artıq Paşinyan hakimiyyətinin sonunun yaxınlaşmasından xəbər verir. Eyni zamanda, Rusiya da, məhz bu məqamdan öz nüfuzu və gələcək siyası fiqurunun nüfuzu üçün istifadə edəcək.

Münaqişə zonasına simvolik 1960 nəfərlik rusiya sülhməramlılarının yerləşdirilməsilə Rusiya Qafqazdakı münaqişənin həllinə nail olduğunu dünyaya nümayiş etdirir və yaxın 5 il ərzində bu bölgəyə NATO qüvvələrinin yerləşdirilməyəcəyini zəmanət altına alır. Azərbaycan isə birincisi, işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarını müharibəsiz geri qaytarmaqla yanaşı, Ermənistanla sərhəd xəttinin insidentsiz müəyyənləşdirərək, qarşılıqlı postların qurulmasını təmin edəcək.
Məlum olduğu kimi, Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur və Ermənistanla sərhəd zonasında münaqişənin davam etməsi Azərbaycanla rus əsgərini qarşı-qarşıya qoyurdu. Hər bir halda, Laçın, Kəlbəcər və Qazax rayonlarında sərhədlərin demarkasiyası üçün Rusiya ilə əməkdaşlığa ehtiyac yaranacaqdı. Rusiyanın regiona razılaşdırılandan artıq hərbi qüvvə yerləşdirməməsinə nəzarəti isə Türkiyə həyata keçirəcək. Türkiyənin üzərinə düşən əsas vəzifə Rusiyanın çərçivədən çıxmamasına nəzarət etməkdir.

Azərbaycanın 44 günlük müharibə nəticəsində qazandığı digər mühüm üstünlük Naxçıvana nəqliyyat dəhlizinin çəkilməsinin razılaşdırılması oldu. Xüsusilə vurğulanmalıdır ki, bu dəhlizin əhəmiyyəti tək Azərbaycanla Naxçıvanı birləşdirməklə bitmir, eyni zamanda, Rusiya ilə Türkiyəni əlaqələndirəcək mühüm ticarət dəhlizi kimi də çıxış edəcək. Rusiyanın Qərblə konfrantasiyası şəraitində belə bir strateji dəhliz Moskva üçün də əhəmiyyətlidir. Belə ki, Qərbin Rusiya qazından asılılığı azaltmaq üçün alternativ enerji mənbəyi kimi cənub marşrutuna üstünlük verməsi, Rusiyanın Qara Dənizin dibilə çəkdiyi “Cənub axını” layihəsinin reallaşmasının Krımın ilhaqına görə AB tərəfindən dayandırılması, Ukrayna ilə münaqişə səbəbiylə bu ölkənin ərazisindən qazın nəqlinin qeyri-mümkünlüyü, müxalifətçi Aleksey Navalnının zəhərlənməsi hadisəsindən sonra Baltik dənizindən çəkilən “Şimal axını-2” layihəsinin reallaşmasının təhlükə ilə üzləşməsi və nəhayət, Belarusda davam edən siyasi böhranla bu ölkənin də risk qrupuna girməsi Rusiyanı vadar etdi ki, qaz ixracı üçün o da cənub marşrutuna qoşulsun.

Cənubdan Türkiyə ərazisinə, oradan isə Avropaya qaz xəttinin çəkilməsi üçün optimal variant Rusiya-Gürcüstan-Türkiyə, yaxud Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə olsa da, Tbilisi ilə Moskvanın münasibətlərindəki gərginlik bu layihələrin reallaşmasını əngəlləyir. Bu anlamda Rusiya üçün optimal variant Rusiya-Azərbaycan-Türkiyə marşrutunun çəkilməsidir ki, gələcəkdə Xəzər hövzəsində olan ölkələr də bu layihəyə qoşularaq, qaz ixracını həyata keçirə biləcəklər. Bu layihənin reallaşmasına əsas əngəl Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi idi və məhz iqtisadi maraqlar Rusiyanı sövq etdi ki, münaqişənin həllinə razılıq versin. Rusiya bu marşrutla həm öz qazını, həm də, Xəzəryanı ölkələrin qazını ixrac etməklə onları nəzarətində saxlayacaq və Avropa yenə də Rusiyanın qaz asılılığında qalacaq.

Nəqliyyat xəttinin məhz Naxçıvandan çəkilməsi isə oranı əhəmiyyətli ticarət dəhlizinə çevirəcək və bölgəmizin sürətli inkişafına şərait yaradacaq. Şərti olaraq “TANAP-2” adlandıra biləcəyimiz bu layihədən sonra Azərbaycan qlobal nəqliyyat şəbəkəsinin kəsişdiyi ölkəyə çevrilməklə, dünya dövlətlərinin hesablaşmalı olduğu mərkəz olacaq. Azərbaycan bir tərəfdən Çin, Orta Asiya ölkələri, Qazaxıstan və İranı Avropa və Rusiya ilə, digər tərəfdən isə Rusiyanı Avropa ilə birləşdirən körpü olacaq. Azərbaycanın şimalı ilə Gürcüstan vasitəsilə Qara Dəniz ölkələri ilə Şərq ölkələrinin ticarət və enerji marşrutu fəaliyyət göstərəcək, cənub istiqamətilə isə Naxçıvan vasitəsilə Türkiyə, oradan isə Aralıq dənizi ölkələrinin ticarət xətti işə düşəcək.

Tofiq Vahid
Azvision.az


Teqlər: Qarabağ   Qələbə   Yeni-reallıq   Geosiyasət  





Xəbər lenti