“Atam Zəngilana ayaqyalın gedəcək” - Asiman Qurbanlı (FOTO)

 “Atam Zəngilana ayaqyalın gedəcək” -  Asiman Qurbanlı (FOTO)
  15 Noyabr 2020    Oxunub:8910
"Ata yurdumuzun, Zəngilanın Mincivan qəsəbəsinin işğaldan azad edilməsi xəbərini dostlarımla birlikdə olanda eşitdim. Sevincimin həddi-hüdudu yox idi. Neçə illərdir həsrətində olduğumuz torpaqlarımız azad olundu".
Bunu Azvision.az -a açıqlamasında Zəngilanın Mincivan qəsəbəsində anadan olan karateçi Asiman Qurbanlı deyib. O bildirib ki, Zəngilandan çıxanda 1 yaş 2 aylıq olduğu üçün o yerləri xatırlamır, lakin ata yurdunu görmək üçün səbirsizlənir.

“Evə gələndə anamla atamın Prezidentin çıxışını izlədiyini və sevincdən gözlərinin dolduğunu gördüm. Mən nə qədər sevinsəm də, onlar qədər sevinə bilmərəm, onlar orada doğulub, uşaqlıq, gənclik illərini keçiriblər. Sevincimizin həddi-hüdudu yoxdur. Ali Baş Komandan, Azərbaycan Ordusu sağ olsun. Allah bu yolda şəhid olanlara rəhmət etsin. Onların sayəsində bu gün işğal altındakı torpaqlarımız azad olundu, xalqa sevinc yaşatdılar”.



A.Qurbanlı bildirib ki, Mincivan qəsəbəsi haqqında məlumatları atasından alıb: “Mən kiçik olmuşam deyə heç nə xatırlamıram. Atam evimizin Mincivan dəmiryolu stansiyası yaxınlığında olduğunu deyirdi. Mərkəzdə yaşamışıq. İndi oraları ermənilər dağıdıb. Amma bizim üçün o torpaqlarda işləmək, oraları abadlaşdırmaq çox asandır. Atamgil rayonumuza, evimizə qayıdanda torpağın hər qarışında məni gəzdirəcək, tanış edəcəklər. Onların yaşadıqları yerlər mənim üçün maraqlıdır”.

İdmançı, həmçinin qeyd edib ki, işğaldan azad olunan bütün torpaqlarımızda, rayonlarımızda gəzməyə çalışacaq.

"Orada bizim əsgərlərimiz qan töküb, şəhid olub. Onlardan biri də mənim dayımoğlu Həsən Rzazadədir. Dayımoğlu baş leytenant idi, evə xəbər etmədən könüllü döyüşməyə getmişdi. Laçın döyüşlərində şəhid olub. Erməni diviziyasının başına oyun açıb, yanına mərmi düşməsi nəticəsində şəhid olub. Çox vətənpərvər oğlan idi, yaralı olsa da, döyüşlərdən geri gəlməmişdi. Bilirəm ki, hər bir Azəraycan xalqı mənim kimi fikirləşir, o torpaqlar mənim üçün çox dəyərlidir”.



A.Qurbanlı valideynlərinin doğma kəndlərinə qayıdış barədə fikirlərini də bizimlə bölüşüb: “Atam deyir ki, yol açılan kimi hamıdan öncə gedəcək və ilk ayaq basan kimi torpağı öpəcək. Deyir, bu torpaqlar bu gün də bizim üçün əzizdir və ora ayaqyalın gedəcək. Mən o torpaqları görməmişəm. Oraları görənlər, böyüdüyü yurdundan uzaq düşüb, həyatını ikinci dəfə sıfırdan yaşayanlar üçün qələbə xəbərləri iki qat bayramdır. İnsan evindən bir ay ayrı qalanda darıxır. 28 il torpağından uzaq durasan, bilmirsən qayıdacaqsan, ya yox. Amma bu gün xəyal dediklərimiz reallaşıb”.

Karateçimiz Prezidentin tarixi qələbə barədə çıxışını ailəlikcə böyük həyacanla izlədiklərini qeyd edib.

“Bizim Vətən müharibəsində iki şəhidimiz oldu, sonuncu olaraq yeznəmizi orduya çağırdılar. Hər gün döyüşlərin necə getməsi, qələbələr barədə informasiya almağa çalışırdıq. Gecə 3 olardı, anam məni yuxudan oyatdı ki, “Asiman dur, müharibə qurtardı”. Elə bildim yuxudur. Gördüm, yox həqiqətdir. Yarım saat bu xəbər mənə çatmadı. Bu, düzgün siyasətdir. Bu gün qazandığımız qələbələr həm bizə qürur verir, həm də ruhən bizi gücləndirir. Qaçqınlıq çəkən insanlar öz torpaqlarına qayıdacaq. Bu, bizim böyük uğurumuzdur”.





Aytən Zəhra
Azvision.az


Teqlər: Zəngilan   Mincivan   Karateçi   Asiman-Qurbanlı  





Xəbər lenti