Goranboy və Naftalana dəymiş ziyan qiymətləndirilir

 Goranboy və Naftalana dəymiş ziyan qiymətləndirilir
  14 Noyabr 2020    Oxunub:1591
Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun və Naftalan şəhərinin iri çaplı silahlardan, raketlərdən atəşə tutulması nəticəsində bu ərazilərdə yaşayan mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb.
Azvision.az xəbər verir ki, aidiyyəti dövlət qurumlarının nümayəndələri və mütəxəssislərdən ibarət işçi qrup Ermənistanın hərbi təxribatı nəticəsində Goranboy rayonunda və Naftalan şəhərində qiymətləndirmə işlərinə başlayıb.

Goranboy rayonu və Naftalan şəhəri üzrə işçi qrupun rəhbəri, Fövqəladə Hallar Nazirliyinin Tikintində Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, üç gündür Ermənistan silahlı qüvvələrinin vurduğu ziyanın qiymətləndirilməsi işləri aparılır. Naftalan şəhərində işlər artıq başa çatıb. Ziyan dəymiş obyektlərə, yaşayış və qeyri-yaşayış evlərinə baxış keçirilib, qeydiyyata alınıb.

E.Əsədov qeyd edib ki, noyabrın 13-dən Goranboy rayonunda da iş aparılır. “Rayonun 29 yaşayış məntəqəsi dağıntılara məruz qalıb və bu məntəqələrə 700-dən çox mərmi atılıb. Ermənilərin atdığı mərmilərin hamısı yaşayış məntəqələrinə və onların ətrafında olan kənd təsərrüfatı məqsədli torpaqlara düşüb. Yaşayış evlərində çoxlu dağıntı var. Goranboy rayonu ərazisində 250-yə yaxın fərdi yaşayış evi və digər sosial obyekt dağılıb. Baxış hələ davam edir və ola bilsin ki, bu rəqəm artsın”.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.

Azvision.az


Teqlər: Erməni-Terroru   Naftalan  





Xəbər lenti