“Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın köçürdü” - Rusiyalı ekspert

 “Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın köçürdü” -    Rusiyalı ekspert
  14 Noyabr 2020    Oxunub:4250
Ermənilərdən fərqli olaraq, azərbaycanlılar Kəlbəcərdən ayaqyalın qaçırdılar. Aradan çox illər keçsə də, bunu unutmaq olmaz.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən bildirib.

Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan torpağı olduğunu, onun öz ərazilərini geri qaytarmaq üçün mübarizə apardığını vurğulayan ekspert deyib: “Ən əsası isə rəsmi Bakı Şuşa şəhərini aldığı zaman alicənablıq göstərərək razılıq verdi ki, sülhməramlılar əraziyə buraxılsın, rayonlar mərhələ-mərhələ, tədricən Azərbaycana qaytarılsın. Azərbaycanın özünü bu vəziyyətdə bundan da artıq necə alicənablıqla apara biləcəyini təsəvvür edə bilmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün vaxt verildi”.

Aleksey Naumov 1993-cü ildə azərbaycanlıların Kəlbəcərdən çılpaq, ayaqyalın qaçmasını da xatırladıb: “Bu tamamilə faciəli vəziyyət idi və onu bu gün də unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik”.

Ekspert Ermənistan hakimiyyətinin bu vəziyyətdə belə, özünü qeyri-adekvat aparmasından danışaraq deyib: “Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almağı, yumruğunu sıxaraq, onların hesab etdiyi kimi - “özününkünü” qaytarmaq istəyirsən. Lakin biz qisasçılığın nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada XX əsrdə çox yaxşı görmüşük”.

Rusiyalı ekspert çıxışının sonunda Ermənistanın baş naziri Nikol Paşinyanın öz qürurunu udaraq İlham Əliyevə zəng etməli olduğunu bildirib. “Azərbaycan bu gün belə bir vəziyyətdə özünü maksimum alicənab aparır, çünki 1993-cü ili unuda bilmərik”, - deyə o, əlavə edib.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti