Sülhməramlılar hansı işləri görməlidir? - Onlar da nəzarətsiz qalmayacaq

Sülhməramlılar hansı işləri görməlidir? -  Onlar da nəzarətsiz qalmayacaq
  14 Noyabr 2020    Oxunub:8062
"Rusiya Silahlı Qüvvələrinin tərkibindən Qarabağ ərazisinə gətirilən sülhməramlı 15-ci əlahiddə motoatıcı briqadanın şəxsi heyətinin sayı cəmi 1960 nəfərdən ibarət olacaq. Bu günə olan məlumata görə, artıq qüvvələrin əksəriyyəti həmin ərazilərdə, müvəqqəti və daimi müşahidə məntəqələrində yerləşdirilib".
Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, şəxsi heyətin 30 faizə qədəri xidməti personala aid olacaq: "Yəni, sürücülər, mühafizə xidməti, komendant taqımı, kimya taqımı və ya bölüyü. Toplam iki motoatıcı tabordan ibarət olacaq. Xəritədən göründüyü kimi, hərbi hissənin qərargahı Xankəndidə yerləşəcək və cənub istiqamətinə cavabdeh olan tabor bu əraziyə yaxın yerdə, həm də Laçın koridoruna girişdə nəzarət-buraxılış rejiminə nəzarət edəcək. İkinci bir tabor isə şimal istiqamətində öz funksiyalarını yerinə yetirəcək. Onun da komanda müşahidə məntəqəsi Ağdərə rayonu ərazisində olacaq. Onlar ilk növbədə erməni silahlı qüvvələri mənsublarının, yəni, onların Ermənistandan gəlmə və yaxud da yerli quruma aid birləşmələr olmasından asılı olmayaraq, hamısının həmin ərazilərdən çıxarılmasına nəzarət etməlidir. Sülhməramlılar Azərbaycanın işğal altında olan ətraf rayonlarının tamamilə boşaldılmasını təmin etməlidir. Geri qayıdan həm azərbaycanlı, həm də Ermənistan əhalisinin təhlükəsizliyinə tam zəmanət verməlidir. Növbəti mərhələdə isə geri qayıdacaq əhalinin qida təminatı, təchizatı problemləri və humanitar yardımın paylanması ilə məşğul olacaq. Rusiya sülhməramlılarının bu fəaliyyəti heç də nəzarətsiz olmayacaq. Bu fəaliyyətlərə nəzarət Azərbaycan dövlətinin himayəsi altında Rusiya və Türkiyə nəzarət mərkəzi tərəfindən həyata keçiriləcək. Onu da vurğulayım ki, bu gün Rusiya heyətinin Ankaradakı həmkarları ilə nəzarət mexanizminin funksiyalarının dəqiqləşdirilməsi və razılaşdırılması üzrə görüşü başa çatıb".



Hərbi ekspert qeyd edib ki, bütün bu əməliyyatlar öncədən planlaşdırıldığı kimi, Azərbaycanın ərazi bütövlüyünün qısa müddətdə bərpa edilməsi, qaçqın və məcburi köçkün əhalinin öz yurd-yuvalarına dönməsilə nəticələnəcək.

"Lakin, proseslər bir qədər zaman alacaq. Uzun müddət davam edən işğal faktoru, çox sayda silah-sursatın, mərmilərin, partlayan və partlamayan hərbi avadanlıqların daşınması ilə müşaiət olunacaq. Onların təmizlənməsi, çıxarılması, ərazinin tamamilə təhlükəsiz vəziyyətə gətirilməsi bir qədər müddət tələb edən prosesdir. Bu baxımdan hadisələri tələsdirmədən, səbr, təmkinlə, lakin optimal və qısa müddətdə yerinə yetirilməsi üçün dövlətimiz əlindən gələn hər bir dəstəyi göstərir", - deyə Ə.Verdiyev vurğulayıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar. Bu ilin dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarıAzərbaycana qaytarılacaq. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək.



Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Türkiyə və Rusiya hərbu qulluqçularının birgə fəaliyyəti nəzarətə tutulub.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qarabağ   Sülhməramlı   Türkiyə   Rusiya  





Xəbər lenti