Zəfər Həftəsi: Tariximizi dəyişən böyük qələbə

  14 Noyabr 2020    Oxunub : 3341
 Zəfər Həftəsi: Tariximizi dəyişən böyük qələbə
Azərbaycan tarixinin şanlı günlərini yaşayır. Bu ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.

Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.



Bütün bunların məntiqi nəticəsi olaraq 30 il işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər qəsəbələr, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Bu da gözlənilən və təbii haldır.

Biz yalnız tarix yazmadıq, dünya ölkələri üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu isə sabun köpüyü kimi partladı... Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Qısa zamanda düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi hərbçilərimizin peşəkarlığı və cəsurluğundan xəbər verdi.



Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr oldu ki, bu da noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınmasıdır. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır... Beləcə bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsi, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə zəfər həftəsi kimi həkk olundu.

Bu gün Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq böyük miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Elə siyasətçilər, politoloqlar, tarixçilər də belə qənaətə gəlirlər ki, bu zəfər həftəsi Azərbaycan tarixində ən mühüm tarixlərdən biridir.



Azərbaycanın yazdığı yeni tarixi Azvision.az -a şərh edən Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib ki, Ordumuz, dövlətimiz və ümumilikdə xalqımız dünyaya nümunə olacaq zəfər əldə edib:

“Müharibələrdə ən mühüm şərt kimin üstün və ya ərazi, əhali baxımdan çox olması deyil, sonda kimin diqtə etməsidir. Tarixə nəzər salsaq görərik ki, birinci Qarabağ müharibəsində həm torpaq itirdik, həm kifayət qədər şəhid verdik, həm də xeyli sayda yaralılarımız oldu. Halbuki ərazi baxımdan da, əhali baxımdan da biz onlardan üstün idik. Ən dəhşətlisi isə odur ki, bütün dünya işğal edilən tarixi torpaqlarımızı az qala erməni əraziləri kimi qələmə verirdi. İkinci Qarabağ savaşının ən böyük əhəmiyyəti nə oldu? Qalib Azərbaycan oldu və xalqımız, güclü Ordumuz, Ali Baş Komandanımız sonda gülən tərəf kimi tarixə düşdü! Həm də biz müharibənin gedişində bütün dünyanı inandıra bildik ki, bu bölgə Azərbaycan ərazisidir, qanuni və tarixi torpaqlarımızdır.

Biz bunu yalnız tarixi baxımdan deyil, hüquqi baxımdan da sübut etdik. Amma təəssüflər olsun ki, hüquqi güc bu illərdə öz sözünü deyə bilmədi. Yəni qətnamələr kağız üzərində qaldı, nüfuzlu təşkilatların çoxu bizim tarixi torpaqlarımızla bağlı xeyrimizə olan elə bir ciddi qərarlar qəbul edə bilmədi. Bu hüququn gücsüzlüyü idi. Amma gücün hüququ nədən ibarət oldu? Xalq olaraq, dövlət olaraq biz gücün hüququndan istifadə edərək tez zamanda ədaləti bərpa etdik. Nüfuzlu təşkilatların üzərilərinə götürməli olduğu öhdəlikləri xalq-dövlət həmrəyliyi ilə özümüz yerinə yetirdik”.



Anar İsgəndərovun sözlərinə görə, Azərbaycan həm də bütün dünyaya onu bəyan və sübut etdi ki, biz ədalətsizliklə heç vaxt barışmayacaqdıq:

“Dünya gücləri 30 ilə yaxın dövr ərzində bizi inandırdı, bizə haqqımızı özümüzə qaytaracağınıza söz verdi. Amma bunu edə bilmədilər. Biz isə ərazicə kiçik dövlət olmağımıza baxmayaraq, böyük bir xalq olaraq sübut etdik ki, torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağıq, işğalçıdan isə torpağın necə qaytarılmasını göstərdik. Kapitulyasiya bizim dildə tərcümədə danışıqsız təslimçilik deməkdir. Göründüyü kimi, İrəvanı diz çökdürdük, onlara öz gücümüzü göstərdik. Bu, əlbəttə ki, xalqın, dövlətin böyüklüyü, birliyidir.

Cənab Prezidentin də dediyi kimi dörd şərt bizim qələbəmizi şərtləndirdi. Birincisi, xalq-iqtidar birliyi idi. İkinci şərt, məsələnin tarixi və hüquqi tərəfini dünyaya çatdırmaq idi. Üçüncüsü, güclü iqtisadiyyat qura bilməyimizdir. Nəhayət dördüncü şərt ordu quruculuğudur. Bu şərtlər Azərbaycana imkan verdi ki, düşməni darmadağın edək, onların kürəyini yerə vurub zəfər qazanaq. İşğalçını az qala dünyanın yarıdan çoxunun müdafiə etməsinə baxmayaraq, biz qısa müddətdə qalib gəldik. Nə üçün? Bizim mübarizəmiz haqq işi idi, biz ədalətli zəfər yoluna çıxmışdıq. Ona görə də, hər yerdə deyirlər ki, Azərbaycanın başladıb məntiqi sonluqla yekunlaşdırdığı müharibə ədalətli müharibə sayılır. Vətən Müharibəsində haqqı olan tərəf - Azərbaycan tarixi qələbəyə imza atdı”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Qarabağ   Zəfər