Bu gün Kəlbəcər işğaldan azad edilir

    Bu gün Kəlbəcər işğaldan azad edilir
  15 Noyabr 2020    Oxunub:3961
Bu gün Azərbaycanın Kəlbəcər rayonu 27 ildən sonra erməni işğalından azad edilir.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən, noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana qaytarılır.

Xatırladaq ki, Kəlbəcər 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər girov götürülüb və itkin düşüb. İlkin hesablamalara əsasən, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, qətnamədən irəli gələn öhdəliklər yerinə yetirilməyib.

Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirdi, həm də tarixi ədaləti bərpa etdi.

Xatırladaq ki, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata müvafiq olaraq, dekabrın 1-dək mərhələli şəkildə Kəlbəcər, Laçın və Ağdam rayonlarında da erməni işğalına son qoyulacaq.

Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti