Ermənilərə Kəlbəcərdən çıxmaq üçün niyə əlavə vaxt verildi?
Azərbaycan tərəfi bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin pisləşməsini və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb.
Bundan əlavə, o da nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən böyük tıxaclar, ləngimələr müşahidə olunur.
Belə bir humanist qərarın qəbul edilməsi bir daha sübut edir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Azərbaycan Ordusu hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasına şərait yaradır.
Təəssüf ki, Azərbaycanın humanist yanaşması fonunda, ermənilər Kəlbəcərdə evləri, mülki obyektləri yandırır, meşələrdə ağacları məhv edərək ekoloji terror törədir. Bu barbarlıq xarici KİV-lərin və dünya ictimaiyyətinin gözü qarşısında baş verir.
Azvision.az
Teqlər: Kəlbəcər