28 il susan həmsədrlər indi niyə narahatdır?

28 il susan həmsədrlər indi niyə narahatdır?
  16 Noyabr 2020    Oxunub:1679
Azərbaycan yeni tarix yazaraq başlatdığı Vətən Müharibəsi ilə öz ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın idi ki, Ermənistanın işğal altında saxladığı tarixi torpaqlarımızı danışıqlar yolu ilə qaytaracağına dair müxtəlif vədlər verilirdi. Bu istiqamətdə haqlı olaraq ən çox tənqid edilən münaqişənin həlli ilə "məşğul" olan ATƏT-in Minsk Qrupu idi. Minsk Qrupunun, həmsədrlərin fəaliyyətsizliyi göz önündədir. İndiyədək münaqişənin həll edilməsi üçün heç nə ilə yadda qalmadılar. Artıq müharibə bitib, nədənsə hələ də həmsədr ölkələrdən olan Fransa qərəzli mövqe sərgiləyir.
Belə ki, təkcə 44 günlük müharibənin gedişində deyil, bu günlərdə də Fransa rəhbərliyinin ermənipərəst münasibət sərgiləməsinin şahidi olduq. Avropanın demokratik dövləti sayılan Fransanın beynəlxalq hüquqa sığmayan, faktlara əsaslanmayan bəyanatları bir daha sübut edir ki, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi. Həmsədrlərin problemin ədalətli həlli məqsədi yox idi və onlar buna çalışmırdılar.

Bu illər ərzindən nəinki işğalçı ölkə, həmsədrlər də status-kvonun saxlanmasında maraqlı göründülər. Bu günə qədər, xüsusən son dövrlərdə münaqişəsinin həlli istiqamətində Fransanın tutduğu mövqe onun ATƏT-in Minsk qrupu kimi həmsədrlik və bitərəflik statusuna ziddir və bu mövqe anneksiya siyasətinə dəstək verməkdir.

Amma Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun davrandı, Ordumuz qısa müddətdə işğalçını bütün dünyada qanuni torpaqlarımız kimi tanınan Qarabağ və ətraf rayonlardan çıxarmağı bacardı. Həqiqətən Azərbaycan Ordusunun qələbəsi münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti birdəfəlik dəyişdi, ATƏT-in Minsk Qrupunun diplomatik səyi ilə deyil, məhz Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Bu 44 günlük müddətdə Ermənistana çağırış etməyən həmsədrlər ötən 28 il ərzində münaqişənin hərbi fazaya keçməməsi üçün Ermənistana heç bir siyasi təsir və təzyiq göstərməmişdilər. Bu bir faktdır ki, onlar işğalçı ilə işğala məruz qalana eyni cür yanaşırdılar...

O da bəllidir ki, həmsədr Fransada erməni lobbi təşkilatlarının təsiri altında olan siyasi dairələrin qərəzli fəallığı Qarabağda sülh və birgəyaşayışa mane olur.

Bizim üçün Vətən müharibəsi sayılan 44 günlük döyüşlərdə Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü müxtəlif cürə yozmağa cəhdlər oldu və olur. Bu üstünlüyümüzü üçüncü tərəfin iştirakı kontekstində şərh etməyə çalışan qüvvələr yalnız ermənilərin maraqlarından çıxış edir, münaqişənin ədalətli həllini əngəlləməyə çalışırlar.

Bu gün Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi vasitəsilə Cənubi Qafqazda siyasi oyunlar qurmağa və maraqlarını təmin etməyə çalışan dövlətlərin məkrli planlarının baş tutmaması, təbii ki, həmin dövlətləri ciddi narahat edir. Ümumiyyətlə bu illər ərzində cəmiyyətimiz də məkrli planların nələrdən ibarət olduğunu gözəl gördü.

İndi qalib tərəf olan Azərbaycanın üzərinə gəlmək cəhdləri uğursuzluqla nəticələnəcək. Dövlət siyasəti anneksiyaya, soyqırımına, etnik təmizləməyə, qanunsuz məskunlaşdırmaya, qeyri-qanuni iqtisadi fəaliyyətə, terrorizmin dəstəklənməsinə əsaslanan ölkəyə bu cür fəaliyyətinə görə 28 ildə heç bir təsir və təzyiq göstərməyən, pərdə arxasında hətta ona dəstək verən ölkələrin hazırkı vəziyyətlə barışa bilməməsi anlaşılandır.

Artıq münaqişə sona çatıb, müharibə də Ermənistanın kapitulyasiyası ilə yekunlaşdı. İndi Türkiyə ilə Rusiya Qarabağda sülhyaratma missiyasına qoşulur ki, bu, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu cür sülhyaratma missiyası Cənubi Qafqazla tarixi, siyasi, iqtisadi bağları olmayan ölkələri narahat etməməlidir.

Hərbi əməliyyatların yenicə başa çatdığı dövrdə bəzi dövlətlərin ultimativ ritorikadan çəkinərək Ermənistanı reallıqlarla barışmağa, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə çağırmaları daha məqsədəuyğundur.

Əlbəttə, artıq geri yol yoxdur, müharibə ədalətli şəkildə yekunlaşdı. Regionda yaranan yeni situasiyanı isə yalnız Ermənistan deyil, İrəvana 28 ildə heç bir təsir və təzyiq göstərməyən məlum dövlətlər də qəbul etməlidirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Həmsədr   Fransa   Qarabağ  





Xəbər lenti