Beynəlxalq hüquqa görə sülhməramlıların məqsəd və missiyaları

  Beynəlxalq hüquqa görə sülhməramlıların məqsəd və missiyaları
  15 Noyabr 2020    Oxunub:4319
Sülhməramlı missiya davamlı sülhün təmin olunduğu şəraiti yaratmaq məqsədi daşıyan fəaliyyətlərdən ibarətdir. Araşdırmalar göstərir ki, sülhməramlılar mülki və döyüş sahəsindəki ölümləri və müharibələrin yenidən başlaması riskini azaldıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hökumət və təşkilatlar qrupu daxilində beynəlxalq səviyyədə sülhməramlıların münaqişələrdən sonrakı bölgələrdə sülh proseslərini izlədiklərini, müşahidə etdiklərini və keçmiş döyüşçülərə sülh müqaviləsi öhdəliklərinin yerinə yetirilməsində kömək edə biləcəkləri barədə ümumi bir fikir var. Bu cür yardım etimad qurma tədbirləri, güc paylaşımı tənzimləmələri, seçki dəstəyi, qanunun aliliyinin gücləndirilməsi, iqtisadi və sosial inkişaf da daxil olmaqla bir çox formada ola bilər. Buna görə, BMT-nin sülhməramlı qüvvələri (Mavi dəbilqəlilər kimi) əsgərlər, polis məmurları və mülki personaldan ibarət ola bilər.



Birləşmiş Millətlər Təşkilatı sülhməramlı missiyaları həyata keçirən yeganə təşkilat deyil. BMT xaricindəki sülhməramlı qüvvələr arasında NATO-nun Kosovodakı missiyası (Birləşmiş Millətlər Təşkilatının icazəsi ilə) və Sinay Yarımadasındakı çoxmillətli qüvvələr və müşahidəçilər və s. var.

Beynəlxalq hüquqa görə, sülhməramlılar, iki və ya daha çox döyüşən tərəf arasındakı qarşıdurmada bitərəf mövqelərinə görə (sülhməramlı vəzifələr xaricindəki bitərəf heyət və xüsusiyyətlərlə eyni dərəcədə) döyüşçü deyil və hücumlardan hər zaman qorunmalıdırlar.

Missiyaların növləri

Müxtəlif növ sülhməramlı əməliyyatlar mövcuddur. Bir sıra ekspertlər sülhməramlı missiyaların 4 növünü ayırd edir:


1. Atəşkəsləri, birliklərin geri çəkilməsini və ya atəşkəs razılaşmasında göstərilən digər şərtləri izləmək üçün nəzərdə tutulan müşahidə missiyaları.

Bu missiyalar ümumiyyətlə silahsızdırlar və başlıca olaraq baş verənləri müşahidə etmək və hesabat vermək vəzifəsi daşıyırlar. Beləliklə, tərəflərin hər birinin razılaşmadan imtina etməsi vəziyyətində müdaxilə etmə qabiliyyətinə və ya səlahiyyətlərinə sahib deyillər. Müşahidə missiyalarına nümunə olaraq 1991-ci ildə Anqolada UNAVEM II və Qərbi Sahardakı MINURSO-nu göstərmək olar.

2. Ənənəvi sülhməramlı olaraq da bilinən mövqelərarası missiyalar.

Bunlar münaqişə sonrası döyüşən qruplar arasında bufer kimi xidmət etmək üçün yüngül silahlı qoşunların daha böyük kontingentləridir. Beləliklə, iki tərəf arasında bir bufer zona rolunu oynayırlar və hər iki tərəfin müəyyən bir atəşkəs razılaşmasında müəyyən edilmiş parametrlərə uyğunluğunu izləyə və hesabat verə bilərlər. Buna misal olaraq 1994-cü ildə Anqolada UNAVEM III və 1996-cı ildə Qvatemalada MINUGUA-nı göstərmək olar.



3. Çoxölçülü missiyalar

Bu missiyalar möhkəm və hərtərəfli məskunlaşma həyata keçirməyə çalışan hərbçi və polis əməkdaşları tərəfindən həyata keçirilir. Təkcə müşahidəçi kimi yox, həm də seçki nəzarəti, polis və təhlükəsizlik qüvvələri islahatı, iqtisadi inkişaf və daha çox bu kimi missiyaları yerinə yetirirlər. Buna nümunələr arasında Namibiyada UNTAG, El Salvadorda ONUSAL və Mozambikdə ONUMOZ var.

4. Sülh tətbiqetmə missiyaları

Bunlar həm mülki, həm də hərbi personaldan ibarət çoxölçülü missiyalardır. Hərbi qüvvə böyük ölçüdədir və BMT-nin Sülhməramlı standartları ilə kifayət qədər yaxşı təchiz olunur. Yalnız özünümüdafiədən kənar məqsədlər üçün güc istifadə etmək məcburiyyətində qalırlar. Buna misal olaraq 1999-cu ildə Qərbi Afrika və Sierra Leonedeki ECOMOG və UNAMSIL missiyalarını, Bosniyadakı NATO əməliyyatları - IFOR və SFOR-u da göstərmək olar.

Soyuq müharibə dövründə və sonrasında BMT-nin missiyaları

Soyuq Müharibə dövründə sülhməramlı təbiət ilk növbədə mövqelərarası xarakteri daşıyırdı və buna görə ənənəvi sülhməramlı adlandırılır. BMT sülhməramlıları döyüşən qruplar arasında bufer rolunu oynamaq və imzalanmış sülh müqaviləsinin şərtlərinə riayət etmək üçün dövlətlərarası qarşıdurmadan sonra yerləşdirilir. Nümayəndəliklər razılığa əsaslanırdı və müşahidəçilər daha çox silahsız idilər - Yaxın Şərqdəki UNTSO və Hindistan və Pakistandakı UNCIP-də belə idi. Bəzən Süveyş Böhranı zamanı qurulan UNEF-I kimi silahlı idilər.

BMT missiyalarının məqsədləri

Bir sıra eksperlər BMT-nin Sülhməramlı Əməliyyatlarını preventiv diplomatiya, etibar yaratma (confidence-building) missiyaları, müşahidəçi mandatları, şiddət potensialını və ya baş verən şiddət təhlükəsini azaltmaq və beləliklə davamlı sülh perspektivini artırma kimi qiymətləndirir. Missiyalarla bağlı izahlar aşağıdakılardır:



- Sülhə məcbur etmə - Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının əmr etdiyi hər hansı bir müqavilənin və ya atəşkəsin təmin edilməsini təmin etmək üçün tərəflərin razılığı ilə sülhməramlıların yerləşdirilməsi. Bu, ilk növbədə, BMT Nizamnaməsinin VII Fəslinə əsasən həyata keçirilir və qüvvələr ümumiyyətlə müşahidəçi qismində yerləşdirilən silahsız və ya yüngül silahlı personalın əksinə olaraq ağır silahlanır.

- Sülyaratma - müharibə edən tərəflər arasında vasitəçilik və BMT Nizamnaməsinin VI Fəslinin himayəsi altında BMT tərəfindən təmin edilən digər danışıqlar formaları ilə fikir ayrılıqlarına görə sülh yolu ilə həll etməyə məcbur etmək məqsədi daşıyır.

- Sülhü qoruma - Birləşmiş Millətlər Təşkilatının inam yaratmaq və tərəflər arasındakı hər hansı bir razılaşmanı izləmək üçün iştirak edən döyüşçülərin razılığı ilə yüngül silahlı sülhməramlıların əraziyə yerləşdirilməsi. Əlavə olaraq, diplomatlar hərtərəfli və davamlı sülh və ya razılaşdırılmış sülhün həyata keçirilməsi üçün çalışmağa davam edirlər.

- Münaqişəsonrası yenidənqurma - İqtisadi və sosial əməkdaşlığı inkişaf etdirmək üçün müharibə edən tərəflər arasındakı münasibətləri düzəltmək məqsədi daşıyır. Sosial, siyasi və iqtisadi baza gələcəkdə potensial şiddət və qarşıdurmanı ideal şəkildə önləyir və davamlı və möhkəm sülh üçün köməkçidir.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən həyata keçirilməyən sülhməramlı missiyalar

Sülhməramlı qüvvələrin hamısı Birləşmiş Millətlər tərəfindən birbaşa idarə olunmur. 1981-ci ildə İsrail ilə Misir arasında bir razılaşma ilə Sinay yarımadasını izləməyə davam edən Çoxmillətli Qüvvələr və Müşahidəçilər yerləşdirilib.



Afrika İttifaqı qitədə sülh və təhlükəsizliyi təmin etmək tapşırığını yerinə yetirən Afrika Sülh və Təhlükəsizlik Misisyası üzərində işləyir. Soyqırımı və ya digər ciddi insan haqları pozuntuları halında, Afrika İttifaqı Baş Assambleyası tərəfindən təsdiqləndiyi müddətdə, hətta müvafiq ölkənin hökumətinin istəklərinə qarşı bir Afrika İttifaqı missiyası yaradıla bilər. Regional səviyyədə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi, bəzi üzv ölkələrində bir neçə sülgməramlı missiyası başladıb və bəzi rəsmi şəxslər bunu Afrikanın ən inkişaf etmiş regional sülh və təhlükəsizlik mexanizmi olaraq xarakterizə edir.

Silahsız Sivil Sülhü Mühafizə (UCP) davamlı bir sülh yaratmaq üçün əlavə səyləri dəstəkləməklə yanaşı, münaqişə bölgələrindəki mülki şəxsləri şiddətdən qorumaq üçün şiddət tətbiq etməyən, müdaxilə etməyən və qərəzsiz bir sıra taktikalar həyata keçirən mülki personaldır. UCP termini bu sahədəki qeyri-hökumət təşkiları (QHT) arasında hər yerdə olmasa da, bir çoxu oxşar texnikalardan istifadə edir və barışıq üçün ümumi nəticələr əldə etmək istəyir.

Sülməramlıların qısa tarixi



Birləşmiş Millətlər Təşkilatının sülhməramlı missiyaları 1948-ci ildə başlayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ərəb-İsrail müharibəsi sonrasında İsrail ilə Ərəb qonşuları arasında imzalanan barışıq müqaviləsini izləmək üçün BMT-nin silahsız hərbi müşahidəçilərini Orta Şərqə göndərilməsinə icazə verdi və bununla da BMT-nin ilk sülhməramlı missiyası başladı. Bu əməliyyat Birləşmiş Millətlər Təşkilatının Atəşkəsə Nəzarət Təşkilatı (UNTSO) adlanırdı və bu gün də fəaliyyət göstərir. Təhlükəsizlik Şurası tərəfindən 1949-cu ilin avqust ayında 73 saylı (1949) saylı qətnamənin qəbul edilməsi ilə UNTSO-ya İsrail dövləti ilə müharibədə iştirak edən ərəb dövlətləri arasında dörd sülh sazişini yerinə yetirmək vəzifəsi verildi. Beləliklə, UNTSO-nun əməliyyatları bölgədəki beş dövlət - İsrail, Misir, İordaniya, Livan və Suriya Ərəb Respublikası ilə razılaşdırılmışdı.

Soyuq müharibə dövründə sülhməramlılar

1947-ci ilin avqustunda Hindistan və Pakistandakı müstəqillik dalğası və ardınca baş verən qanlı toqquşmalardan sonra Təhlükəsizlik Şurası BMT daxilində Hindistan və Pakistan Komissiyası (UNCIP) yaratmaq üçün 1948-ci ilin yanvarında 39 (1948) saylı qərar qəbul etdi. Komissiya Hindistan və Pakistan arasındakı Kəşmir mübahisəsinə və bununla bağlı döyüşlərə vasitəçilik edir. Bu əməliyyat müdaxilə etməmə xarakter daşıyırdı və əlavə olaraq Pakistan və Hindistanın Cəmmu və Kəşmir əyalətində imzaladığı atəşkəsə nəzarət etmək tapşırıldı. 1949-cu ilin iyulunda Karaçi razılaşmasının qəbul edilməsi ilə UNCIP BMT-nin silahsız hərbi müşahidəçiləri və mübahisədə hər tərəfdən yerli komandirlər tərəfindən qarşılıqlı nəzarət ediləcək atəşkəs xəttinə nəzarət edəcəkdi. UNCIP-in bölgədəki missiyası bu gün də Hindistan və Pakistandakı BMT-nin Hərbi Müşahidəçilər Qrupu (UNMOGIP) əməliyyat adı altında davam edir.



O vaxtdan etibarən 69 sülhməramlı əməliyyata icazə verilib və dünyanın müxtəlif ölkələrinə sülhməramlı missiyalar göndərilib. Bu əməliyyatların böyük əksəriyyəti Soyuq Müharibədən sonrakı dünyada başlayıb. 1988 və 1998 arasında 35 BMT sülhməramlı əməliyyatı qurulub və yerləşdirilib. Bu, 1948 və 1978 arasındakı dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək rəqəmdir, 1978-1988-ci illər arasında BMT yalnız 13 sülhməramlı misiyası yaradıb və yerləşdirilib.

Silahlı müdaxilə ilk dəfə 1956-cı ildə Süveyş Böhranından sonra BMT-nin iştirakı ilə istifadə olunub. 1956-cı ilin noyabrından 1967-ci ilin iyununa qədər mövcud olan Birləşmiş Millətlər Fövqəladə Qüvvələri (UNEF-1) BMT-nin sülhməramlı qüvvəsi idi. Qüvvələrə Misir ərazisindən Fransa, İsrail və İngilis qoşunlarının çıxarılmasına nəzarət etməklə yanaşı, Misir, İngiltərə, Fransa və İsrail arasında hərbi əməliyyatların dayandırılmasını təmin etmək mandatı verilmişdi. Sözügedən geri çəkilmənin bitməsindən sonra UNEF atəşkəs şərtlərinə nəzarət etmək və davamlı sülhə töhfə vermək üçün Misir və İsrail qüvvələri arasında bufer qüvvə rolunu oynayacaqdı.

Bundan qısa müddət sonra BMT-nin Konqodakı Əməliyyatı (ONUC) 1960-cı ildə başladı. Bu əməliyyat ən çox 20.000 hərbi personalı əhatə edirdi və BMT-nin o zamankı Baş Katib Daq Hammarskjold da daxil olmaqla 250 BMT işçisinin ölümü ilə nəticələnib. ONUC-un məqsədi Belçika vətəndaşlarını və onların iqtisadi mənafelərini qorumaq üçün üsyan nəticəsində Konqonun qazandığı müstəqillikdən sonra Belçika qüvvələrinin Konqoda geri çəkilməsini təmin etmək idi. Missiyaya asayişin qurulması və qorunması, Konqo təhlükəsizlik qüvvələrinə texniki yardım və təlim vermək, Konqonun ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq tapşırılmışdı.

(Ordu.az)


Teqlər: Sülhməramlı  





Xəbər lenti