Sarkisyanın kürəkəni: “Nikol ləyaqətimizi yox etdi”

  Sarkisyanın kürəkəni:  “Nikol ləyaqətimizi yox etdi”
  16 Noyabr 2020    Oxunub:4041
Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan baş nazir Nikol Paşinyanın məlum statusundan sonra ölkəsinin düşdüyü acınacaqlı durumdan danışıb.
Azvision.az xəbər verir ki, keçmiş diplomat Nikol Paşinyanı xəyanətdə ittiham edib. Minasyanın səsləndirdiyi fikirlərdən bəzilərini təqdim edirik:

"Dörd gün əvvəl milli həmrəylik göstərib birləşmək və kapitulyasiya sənədinə düzəlişlər etmək üçün 96 saat vaxtımızın olduğunu bildirdim. Bu dörd gün sona çatdı. İndi yeni dövr başlayır. Artıq qələbə, ləyaqət, xəyallarımız yoxdur. Kilsə və monastrlar yoxdur, Şuşa və Hadrut da yoxdur... 4750 döyünən ürək yoxdur. “Artsax” (Qarabağ-red.) yoxdur. Nikol ölkəmizi dağıtdı. Oğlanlarımızı qurban verdi. Ruhumuzu zəhərlədi. Keçmişi murdarladı və gələcəyi satdı. Və bütün bunları ictimaiyyət qarşısında etdi. Söz verdikləri "Yeni Ermənistan" bu gün doğuldu. "Yeni Ermənistan"da heç bir ictimai rəy olmayacaq. Ziyalı olmayacaq. Yalnız tərəflər olacaq. Nikol ləyaqətimizi yox etdi, qələbəni əldən verdi. Suverenlik də yoxdur. Qısası çox şey yoxdur. Bütün bunlara görə xalq günahkar deyil. Xalq 2018-ci ildə aldandı”.

Minasyan daha sonra bildirib ki, bu illər ərzində onun dediklərinə heç kim qulaq asmayıb, onu dinləmək istəməyib. Keçmiş səfir qeyd edib ki, insanların günahı Nikol təslimçilik sənədini gizli şəkildə imzaladığını etiraf etdiyi andan başlayıb:

“Bu 4 günlük susqunluq və laqeydlikdə insanların çoxu günahkardır. Səhvlərimizi düzəltmək üçün bizə dörd günlük fürsət verildi. Həmin sənədin üzə çıxması bütün xalqı ayıltmalı, Nikolun hipnozundan oyatmalı, onları vətən uğrunda ayağa qalxmağa məcbur etməli idi. Son üç gün ərzində Azadlıq meydanında 15.000 yox, 300.000 adam olmalı idi. Yürüşdə 20.000 yox, yarım milyon insan iştirak etməli idi. Təəssüf ki, belə olmadı. Erməni xalqının bu xain ssenari ilə razılaşmadığını dünyaya necə sübut edəcəyik? Bundan sonra namus və ləyaqət haqqında necə danışacağıq? Analar, atalar, gəlinlərimiz və qardaşlarımız dəlilik ərəfəsindədir”.

Minasyan onu da vurğulayıb ki, guya məğlub olmaları ilə bağlı bir sıra məsələləri dəyişdirmək şansları var. Bunun üçün ilk növbədə Nikol və xain dəstəsini hakimiyyətdən uzaqlaşdırılmaq lazımdır:

“Xalq xain dəstəyə dözməyə hazır olub-olmadığına qərar verməlidir. Xalq satqını tarixin zibil qutusuna ataraq ona qiymət verməlidir. Sabah öz övladlarınızın qarşısında əyilməməyin alternativi bu gün ayağa qalxmaqdır. Susma, bu xain hökumətin ortağı olma. Ermənistanda xainlərə yer yoxdur. Bundan sonra kim Nikolun yanında olacaqsa, xain sayılacaq”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində xalqı təhdid edən status paylaşıb. "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm"- deyən baş nazir etiraz aksiyaları keçirən vətəndaşlara xəbərdarlıq edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Xəyanət  





Xəbər lenti