“Övladlarım, nəvələrim 28 ildir Xocalıya qayıtmağın həsrətindədir” - Deputat

“Övladlarım, nəvələrim 28 ildir Xocalıya qayıtmağın həsrətindədir” -  Deputat
  16 Noyabr 2020    Oxunub:2117
"Məcburi köçkünlərin hamısı doğma yurd-yuvalarına qayıdacaq. Lakin bu, müəyyən vaxt aparacaq. Çünki 28 ildən artıq işğal altında olan ərazilərimizi ermənilər viran qoyublar, darmadağın ediblər, görünməmiş vəhşiliklər törədiblər. Hələ bilmədiyimiz çox şeylər də edə bilərlər. Su hövzələrimizi, torpağımızı zəhərləyə, müxtəlif partlayıcı maddələr yerləşdirilə bilərlər".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov deyib. Onun sözlərinə görə, ilk növbədə həmin ərazilərdə təhlükəsizlik təmin edilməlidir.

“Ermənilər insanlıq adına yaraşmayan hərəkətlər ediblər, onlar şeytandan əmələ gəlmə məxluqatdır, vəhşidirlər. Bizdən Kəlbəcərdən çıxmaq üçün Moskva vasitəsilə yalvarıb 10 gün vaxt alırlar, amma orada insanlığa zidd olan vəhşiliklər törədirlər. Özlərinə məxsus olan mal-heyvanı kəsib küçələrə tökürlər, iyləndirirlər, taxta şalbanı kəsirlər, unitazı aparırlar, evləri, meşələri yandırırlar. Bu vəhşilərlə birgəyaşayış, onlara etibar etmək qeyri-mümkündür.

Doğma yerlərə qayıdış üçün ilkin şərtlər yerinə yetirilməlidir. Ordumuz, polisimiz, başqa hüquq-mühafizə orqanları, dövlət qurumları tədricən həmin ərazilərə yerləşdirilir, köçürülür, asayış, təhlükəsizlik bərpa olunur. Təhlükəsizlik təmin olunduqdan sonra məcburi köçkünlər yurd-yuvalarına qayıdacaqlar”.

E.Məmmədov qeyd edib ki, məcburi köçkünlərin qayıdış qrafiki olacaq: “Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyətə başlayıb, proqramlar hazırlayır. Dövlət başçımızın rəhbərliyi altında müvafiq qurumlar, komissiyalar işləyəcək. İnsanların qayıdışı üçün şərait yaradılacaq. Bundan sonra məcburi köçkünlərin tədricən, növbəli qaydada, qrafik əsasında dönüşü təmin olunacaq”.

Ermənilərin hər tərəfi viran qoyduğunu vurğulayan deputat bildirib ki, həmin torpaqlarda infrastruktur yaradılmalıdır: “İnsanların yaşaması üçün şərait yaradılmalıdır. İşğaldan azad edilmiş ərazilərin hamısında birdən işlərə başlamaq təbii ki, qeyri-mümkündür. Vaxt lazımdır. Cocuq Mərcanlıda da belə oldu. Təhlükəsizlik təmin edildikdən sonra əvvəlcə 50 ev, daha sonra 150 ev tikildi. Hər şeyin zamana ehtiyacı var. Azərbaycanın gücü, imkanı var və düşmən tərəfindən viran edilmiş, dağıdılmış o ərazilər çiçəklənən, inkişaf edən bölgəyə çeviriləcək, oranın əsl sahibləri öz evlərinə qayıdıb yaşayacaq”.

E.Məmmədov onu da vurğulayıb ki, məcburi köçkünlər yurd-yuvalarına qayıtmaq üçün səbirsizlənirlər: “Məcburi köçkünlərin biri mənəm. Övladlarım, nəvələrim, Xocalı camaatının hər biri səbirsizliklə gözləyir ki, dövlətimiz nə vaxt bizi yurd-yuvamıza qaytaracaq. Hər bir məcburi köçkün öz yurduna qayıtmağın 28 ildir həsrətindədir və bu həsrətə son qoyulur. O arzu ilə yaşayıram ki, ata-baba yurdumda düşmən tərəfindən söndürülmüş ocağımızı yenidən yandırım. Hər biri məcburi köçkün bunu arzulayır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məcburi-küçkün   Qayıdış  





Xəbər lenti