Hərb tarixinə düşən döyüş: Şuşa necə azad edilib?

Hərb tarixinə düşən döyüş:  Şuşa necə azad edilib?
  16 Noyabr 2020    Oxunub:14024
"44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdə rəşadət göstərib. Döyüşlərdə canlı qüvvə və yüksək mənəvi-psixoloji vəziyyətin olması ilə yanaşı, hərbi texnologiyanın peşəkarlıqla istifadə edilməsi də diqqət çəkəndir".
Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert Ruslan İmamquliyev deyib. Onun sözlərinə görə, Şuşa döyüşləri bütün istiqamətlərdəki döyüşlərdən fərqlənib:

"Şuşa şəhərinin azad edilməsi hərbçilərimizin daha çox xüsusi təyinatlı hazırlığı və qələbəyə olan dərin inamla səciyyələndirilir. Orada heç bir yüksək texnoloji vasitələrdən istifadə edilmədən sadəcə yaxın döyüşlərdə, əlbəyaxa, bıçaq və fərdi silahların tətbiqi ilə şəhər azad olunub. Hərbçilərimiz sıldırım qayalıqlardan, düşmənin gözləmədiyi istiqamətlərdən dərinliklərə sızma edərək şəhər döyüşlərində özünün şücaətini göstərib. Şuşa alınmaz qala idi. Alınmaz qala heç bir desant cəlb edilmədən, pilotsuz uçuş aparatından, dəqiq vuran raket və uzaqvuran artilleriyadan istifadə edilmədən alınıb. Xüsusi təyinatlı qüvvələrimizin göstərdiyi peşəkarlıqla Şuşanın azad edilməsi hərb tarixinin ən şanlı səhifələri arasında qeyd olunacaq".



R.İmamquliyev qeyd edib ki, Şuşanın azad olunması bütün torpaqlarımızın azadlığı deməkdir: "Şuşaya qədər Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndlər, ərazilər, yüksəkliklər azad olunmuşdu. Bundan başqa şimal istiqamətində bir sıra yüksəkliklər, o cümlədən Suqovuşan azad edilmişdi. Şuşanın azad olunması ilə adını çəkdiyimiz bütün istiqamətlərdəki nailiyyətlərimiz daha da bərkidilmiş oldu. Şuşanın taktiki əhəmiyyətindən başqa Xankəndinə yaxın olmasını da vurğulaya bilərik. Şuşanın azad edilməsilə Ordumuz Xankəndinin 2-3 kilometrliyinə yaxınlaşdı və orada döyüşlər gedirdi. Şuşanın azad olunmasının elan edilməsindən sonra Ermənistan məcbur qalaraq üçtərəfli bəyanatın imzalanmasına razılıq verdi. Bundan sonra dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın rayonlarının azad olunmasına razılıq verdi. Ermənistanın bu rayonların azad olunmasına razılıq verməsi və bölgədən çəkilməsi strateji olaraq qiymətləndirilə bilər. Ermənilər Şuşanın azad olunması ilə anladılar ki, onların son ümid yerləri belə yoxdur və oradan çəkilmək məcburiyyətindədirlər".



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şuşa   Şəhər   Ekspert  





Xəbər lenti