“Ermənilər bizə nəinki 10, heç 1 saat da vaxt verməmişdi” - Kəlbəcərli rektor

“Ermənilər bizə nəinki 10, heç 1 saat da vaxt verməmişdi” -  Kəlbəcərli rektor
  16 Noyabr 2020    Oxunub:8924
“Kəlbəcərin Ermənistan tərəfindən işğalına qədər orada bir erməni ailəsi də yaşamayıb. Ermənilər ora yalnız mallarını satmağa və ya evlərin damını düzəltməyə gəlirdilər”.

Bunu Azvision.az -a açıqlamasında Kəlbəcərdən olan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.
Rektor bildirib: “Kəlbəcərli kimi ikili duyğu yaşayıram. Həm sevinirəm, həm də ermənilərin orada etdiklərini çox böyük hiddətlə izləyirəm. Ermənilər həm floraya, həm faunaya zərər vururlar. Kəlbəcərdə işğala qədər bir erməni ailəsi yaşamamışdı. İndi özlərini elə göstərirlər ki, sanki onlarn zəhməti ilə tikilmiş evlərdir və bizə verməmək üçün yandırırlar. Halbuki o evlərin hamısını kəlbəcərlilərin özləri tikmişdilər. Meyvə ağaclarını kəsirlər, meşələri doğrayırlar, heyvanları öldürürlər. Bu, erməni vandalizminin növbəti nümunəsidir. Tarixi də saxtalaşdırırlar. Xudavəng məbədi albanlar tərəfindən 8-9-cu əsrlərdə tikilib. Məbəd Kəlbəcər işğal olunana qədər müsəlmanlar tərəfindən qorunurdu. Ona qədər ermənilər heç vaxt ziyarətə gəlməyiblər və orada olmayıblar. Kəlbəcəri işğal edəndən sonra tarixi məbədə sahib çıxmağa başladılar. Bu gün hay-həşir salıblar ki, guya azərbaycanlılar bizim məbədi dağıdır. Əksinə əsrlərdir ki, oranı alban abidəsi kimi qorumuşuq”.

Rektor, həmçinin qeyd edib ki, ermənilər Kəlbəcərə yalnız işləmək üçün gəliblər: “Onlar rayonumuza müəyyən malları satmaq və evlərin damlarını düzəltmək üçün gəlirdilər. Amma bizimlə ciddi əlaqələri yox idi. Kəlbəcərdə qədim türk dilinin nümunələri olan qoç heykəllər var idi. Ermənilər insanları aldadırdı ki, onların altında qızıl yatağı var. Məqsədləri odur ki, tarixi məhv etsinlər. Hələ o vaxtdan alban kilsəsinə öz xaçlarını çəkirdilər. Ermənilər 1993-cü ildə Kəlbəcər camaatına çıxmaq üçün nəinki 10 saat, heç 1 saat da vaxt vermədilər. İnsanlarımız evlərinin qapısını bağlayıb, əli yalın çıxdılar. Heç nə götürə bilmədilər. Çünki Kəlbəcərdə Xocalı faciəsi yaşana bilərdi, vaxt yox idi. Qarlı Murovu aşaraq Göygölə, oradan isə Gəncəyə gəldilər. Mal-qaramız, evimiz ermənilərə qalmışdı. İndi özləri 10 gün əlavə vaxt istəyirlər. Üstəlik evlərdəki unitaza kimi götürürlər. Ermənilər humanizmin nə olduğunu bilməyən rəzil xalqdır. Lazım gələndə yalvarır, lazım gələndə zalım ola bilir. Amma bu torpağın kökü bizdədir, ağacı qırmaqla insanları torpaqdan qopara bilməzlər. İnsanların ruhu ora bağlıdır”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti