Kanada azərbaycanlıları bir araya gəldi

Kanada azərbaycanlıları bir araya gəldi
  16 Noyabr 2020    Oxunub:1386
Kanadada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Toronto şəhərindəki soydaşlarımız sentyabrın 27-dən bu günədək işğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda qətlə yetirdiyi mülki şəxsləri yad etmək məqsədilə bir araya gəliblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, soydaşlarımız münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məntəqələrimizdə mülki əhalinin raket atəşinə tutulması, günahsız insanların, o cümlədən azyaşlıların qətlə yetirilməsi ilə bağlı məlumatları Kanada ictimaiyyətinin diqqətinə çatdırıblar.

“Biz dinc əhaliyə qarşı müharibə cinayətlərinin qınanmasını, günahkarların cəzalandırılmasını istəyirik. Xəsarət almış soydaşlarımızın acılarına şərik olmaq, şəhidlərimizi daim xatırlamaq, belə vandalizm aktlarına qarşı səsimizi ucaltmaq və bu faktları yaşadığımız cəmiyyətlərə çatdırmaq borcumuzdur”, - deyə soydaşlarımız bildiriblər.

Aksiya zamanı azərbaycanlılar bir sıra rəmzi mesajlardan istifadə ediblər. Belə ki, onlar qətlə yetirilən insanların adları yazılmış kiçik lövhələri, eləcə də qərənfilləri yastıqlar üzərinə düzərək, onların əksəriyyətinin yuxuda ikən qətlə yetirildiyini, bütün bunların sözlə ifadə oluna bilməyən müharibə cinayəti olduğunu diqqətə çatdırıblar.

Əllərində “Bəzən eşidilmədiyimiz üçün yazmalıyıq”, “Bəzən ağrının ən dərin ifadəsi sükutdur” sözləri yazılmış posterlər tutan azərbaycanlılar bu yolla haqq səslərini ucaldıb və doğma Vətənə dəstək olduqlarını bəyan ediblər.

Aksiya yerli medianın diqqətini çəkib, bu barədə müxtəlif media orqanlarında, o cümlədən www.armeniakills.com saytında ətraflı məlumat dərc olunub.

Azvision.az


Teqlər: Kanada   Diaspor  





Xəbər lenti