“Azərbaycan ermənilərə elə dərs verdi ki, tarixboyu unudulmayacaq”

   “Azərbaycan ermənilərə elə dərs verdi ki, tarixboyu unudulmayacaq”
  17 Noyabr 2020    Oxunub:2310
Hazırda 44 günlük müharibə Azərbaycanın qəti və tam qələbəsi ilə başa çatıb. Ermənistan məğlubiyyət aktına qol çəkib və əldə olunan üçtərəfli razılaşmaya əsasən, təsdiq edilmiş qrafikə uyğun olaraq rayonları Azərbaycana təhvil verir. Ancaq əvvəlcədən razılaşdırılmış qrafikdə Rusiya Federasiyası Prezidentinin xahişi ilə dəyişiklik edildi və ermənilərə daha 10 gün vaxt verildi. Bu, hər şeydən əvvəl məsələnin həllində yaranmış texniki problemlər və real vəziyyətlə əlaqədardır. Çünki Kəlbəcər-Basarkeçər (Vardenis) yolunun yükgötürmə qabiliyyəti məhduddur və torpaqlarımızdan çıxmaq məcburiyyətində qalan düşmənlərimizin əvvəlcə razılaşdırılan müddətdə ərazilərimizi tərk etməsi bir qədər çətinləşir. Belə olan halda, bizim iki yolumuz var idi: ya düşmənlərimizin və işğalçı erməni ordusunun məğlub əsgərlərinin qalanlarının ərazilərimizi tərk etmələri üçün əlavə vaxt verməli idik, ya da ordumuz yolu bağlamalı idi.
Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, düşmən qüvvələrin ölkəmizi tərk etməyə məcbur olduğu üçün biz onlara vaxt verməli olduq. Əks təqdirdə, ya onları məhv etməli, ya da girov saxlamalı idik. Halbuki, bu, Azərbaycanın məqsədləri çərçivəsində deyil.

Deputat vurğulayıb ki, Azərbaycan humanist və məsuliyyətli dövlətdir. Böyük qalibiyyətə humanitar kontekstə kölgə salmaq, beləliklə də informasiya müharibəsində ermənilər və onların havadarlarına əleyhimizə arqumentlər vermək maraqlarımıza ziddir. Unutmaq olmaz ki, müharibə döyüş meydanında başa çatsa da, diplomatik, informasiya və siyasi müstəvidə hələ də davam edir.

“Hər kəsə aydındır ki, Birinci Qarabağ müharibəsində erməni vandalları və terrorçuları bizim dinc sakinlərimizə qarşı əsl terrorçu kimi davranaraq onlara qarşı ən alçaq addımlar atmış, doğma yurdlarından çıxmaları üçün cəmi 10 saat vaxt vermişdilər. Biz bunu əsla unutmamışıq və unutmağa da haqqımız yoxdur. İkinci Qarabağ müharibəsində bizə qarşı törədilən bütün cinayətlərin, o cümlədən Kəlbəcərimizdə həyata keçirilən cinayətkar əməllərinin hamısının qisasını döyüş meydanında artıqlaması ilə aldıq, düşmənə qan uddurduq. Azərbaycan döyüş meydanında və diplomatiyada ermənilərə elə dərs verdi ki, bu, tarixboyu unudulmayacaq.

“Hazırda siyasi-diplomatik müstəvidə müharibə davam edir. Azərbaycan diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edir ki, bu uğurlar təkcə ölkəmizin statusunu deyil, bütövlükdə regionumuzun geostrateji mənzərəsini köklü şəkildə dəyişir. Bu, bizim tarixi zəfərimiz, tarixi uğurumuz, ermənilərin isə, sözün əsl mənasında, tarixi məğlubiyyətləridir. Ona görə də hazırda regionda yaratdığımız yeni geosiyasi reallığı düzgün qiymətləndirməli, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq”, - deyə H.Babaoğlu qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti